Ötən il Bakı Dövlət Universitetində (BDU) dövlət gənclər siyasəti, humanitar məsələlər, Heydər Əliyev irsi və azərbaycançılıq ideyalarının öyrənilməsi, milli-mənəvi dəyərlərin təbliği və digər istiqamətlərdə 900-dən artıq tədbir keçirilib.
Bu fikirləri Tehsil.biz-ə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov söyləyib. O bildirib ki, 2024-cü ildə universitetin ölkədaxili əməkdaşlıq əlaqələri genişləndirilib. Belə ki, il ərzində BDU “Veysəloğlu Şirkətlər Qrupu” MMC, Milli Depozit Mərkəzi, Təhsilin İnkişafı Fondu, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Tibb Universiteti, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRSKOY), Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb. BDU-da “ARB 24” televiziyasının “NewsLab” otağı, Azərbaycan Mətbuat Şurasının (AMŞ) otağı, “Türk otağı”, “Xalq qəzeti”nin “Debat otağı” və Medianın İnkişafı Agentliyinin xüsusi auditoriyasının açılış mərasimləri keçirilib. Bundan əlavə, ötən il “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı BDU-da Tədbirlər Planı hazırlanaraq uğurla icra olunub. İl ərzində ekoloji mühitin qorunmasının gənc nəslə təşviq edilməsi istiqamətində 70-dən çox müxtəlif tədbir, seminar, görüş, intellektual yarışlar keçirilib.
Həmçinin ölkəmizin beynəlxalq nüfuzunu daha da artıran BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BDU-da 30-a yaxın tədbir keçirilib. Xüsusilə qeyd edilməlidir ki, BDU-nun 537 tələbəsi beynəlxalq tədbirdə könüllü qismində iştirak edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb.
Onun sözlərinə görə, 2024-cü ildə BDU-da bir sıra xüsusi layihələr və tədbirlər də həyata keçirilib. Bunlardan BDU-nun Tələbə Gənclər Təşkilatının “Gənclik həftəsi 2”, “Tələbədən məktəbliyə”, “COP29 həftəsi” layihələri, Azərbaycan Mətbuat Şurası ilə birgə “I Gənc mədəniyyət müxbirləri məktəbi”, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş kitab sərgisi, Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə karyera festivalı, “Regional İnkişaf” İctimai Birliyi ilə birgə təmizlik aksiyası, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikasının BDU-da tibbi aksiyası, “Kapital Bank”la birgə “Doğru yolun başlanğıcı” adlı təlim proqramı, Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc proqramçılar” müsabiqəsi, “Gənc Liderlər" Forumu, “BDU könüllüləri”nin “Könüllülük həftəsi”, “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihələri, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyinə həsr olunmuş respublika konfransı, YAP Yasamal rayon təşkilatı ilə birgə “Heydər Əliyev mühazirələri” layihəsi, “Yüksəliş” müsabiqəsinin qalibləri ilə silsilə görüşlər, “Qlobal iqlim maliyyələşməsi: ədalətli və davamlı həllər” mövzusunda COP modeli simulyasiya konfransı kimi tədbir və layihələri qeyd etmək olar.
“İl ərzində BDU-nun Tələbə Gənclər Təşkilatının xətti ilə 161, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 126, “BDU “könüllüləri” təşkilatı tərəfindən 389 tədbir keçirilib. Tədbirlər əsasən dövlət gənclər siyasəti, “Yaşıl dünya naminə həmrəylik ili”, milli ideologiya, azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunun aşılanması istiqamətlərinə həsr olunub. Ötən il BDU-da könüllülük fəaliyyəti də genişləndirilib. BDU tələbələri ölkə miqyaslı sosial layihələrdə könüllü kimi uğurla iştirak edirlər. “BDU könüllüləri” təşkilatının hazırda 1500 üzvü var. BDU-nun tələbə təşkilatları il ərzində universitetdən kənarda 100-dən çox müxtəlif tədbir, layihə, yarış və təlimdə iştirak ediblər. Ötən il BDU tələbələri müxtəlif səpkili 40-dan çox beynəlxalq və ölkədaxili yarışda iştirak edib, Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasətinə öz layiqli töhfələrini veriblər”, - deyə şöbə müdiri əlavə edib.