2024-cü ildə “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalı vasitəsilə 800 vətəndaş peşə təhsili haqqında elektron arayış əldə edib.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, hökumət portalından istifadə edərək 1 maydan etibarən, ümumilikdə 800 nəfər vətəndaş, o cümlədən 518 nəfər (klik sayı 187582) peşə təhsili diplom məlumatları, 282 nəfər (klik sayı 160868) isə cari peşə təhsili məlumatları xidmətindən istifadə edərək elektron arayış əldə edib.
Vətəndaşların ilk və texniki peşə təhsil səviyyəsi üzrə təhsilini təsdiq edən diplomlar, habelə peşə təhsili müəssisələrindəki cari təhsilalanlar haqqında məlumatlar 1 may 2024-cü il tarixindən etibarən “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub.
Qeyd edək ki, peşə təhsili müəssisələrinə tələbə qəbulu 2020-ci ildən etibarən “portal.edu.az” platforması vasitəsilə elektron formada həyata keçirildiyindən həmin ildən sonra məzun olmuş şəxslərin diplom məlumatları elektron hökümət portalına inteqrasiya olunub. Kağız və elektron daşıyıcıda olan məlumatlar bərabər hüquqi qüvvəyə malikdir.