Logo

Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı tədqiqatının (IELS) əsas mərhələsinə start verilib

23.01.2025 08:32 75 baxış
IMG

21 yanvar tarixindən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı (İƏİT) tərəfindən təşkil olunan Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı tədqiqatının (IELS) əsas mərhələsi başlayıb. Beynəlxalq qiymətləndirmə 18 mart tarixinə qədər davam edəcək.

Bu beynəlxalq qiymətləndirmə 5 yaşlı uşaqların koqnitiv, sosial-emosional bacarıqlarını, həmçinin erkən təhsil və ev mühitinin onların inkişafına təsirini öyrənməyi hədəfləyir. Beynəlxalq qiymətləndirmə erkən yaşlarda uşaqların bacarıqlarının inkişafını dəstəkləmək üçün ölkələrin təhsil siyasətlərinin təkmilləşdirilməsinə töhfə verir.

Qeyd edək ki, IELS beynəlxalq qiymətləndirmə tədqiqatında ölkəmiz ilk dəfə iştirak edir və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Tədqiqat Bakı və Sumqayıt şəhərlərinin məktəb və məktəbəqədər təhsil müəssisələrində həyata keçirilir. Bu mərhələdə 208 müəssisədən təqribən 3000 uşağın iştirakı nəzərdə tutulub. Ötən il beynəlxalq qiymətləndirmənin sınaq mərhələsi üzrə 40 təhsil müəssissəsindən 521 uşaq iştirak edib.

Tədqiqat çərçivəsində uşaqların bacarıqları dörd əsas istiqamət üzrə qiymətləndirilir:

  1. İlkin savadlılıq
  2. İlkin riyazi bacarıqlar
  3. Empatiya
  4. İcraetmə funksiyaları (inhibisiya, işlək yaddaş və zehni çeviklik)

IELS beynəlxalq qiymətləndirməsi uşaqların inkişafını dəstəkləyən innovativ yanaşmaları ilə fərqlənir.

 


 

 

Xəbər lenti