Logo

Ekspert: İstedadlı tələbələrə təqaüd vermək özəl təşkilatların da marağında olmalıdır

23.01.2025 14:29 47 baxış
IMG

Dünyanın inkişaf etmiş ölkələri təhsili daim prioritet sahə kimi dəyərləndirib və bu sahənin inkişafı üçün müxtəlif təşəbbüslər irəli sürüb. Xüsusilə bacarıqlı gənclərin seçilərək müxtəlif təqaüd proqramları ilə dəstəklənməsi, onların peşə maraqlarını artırmağa yönəlmiş əsas tədbirlərdəndir. Bu təcrübə göstərir ki, dövlət qurumları ilə yanaşı, özəl təşkilatlar da istedadlı tələbələrə təqaüd ayırır, onları bu yolla həm həvəsləndirir, həm də gələcək əmək bazarı üçün hazırlayır.

Bu fikirləri TƏHSİL.BİZ -ə müsahibəsində ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, istedadlı tələbələrə təqaüdün verilməsi onların akademik və peşəkar motivasiyasını artırmaqla yanaşı, rəqabət mühitinin formalaşmasına da şərait yaradır: “Bu yanaşma nəticəsində gənclər uğur qazanmaq üçün daha çox çalışır və özlərini inkişaf etdirməyə çalışırlar. Özəl sektor isə bu cür gəncləri gələcəkdə iş imkanları ilə təmin etməyə daha maraqlı olur. Hazırda ölkəmizdə dövlət tərəfindən müxtəlif təqaüd proqramları mövcuddur. Məsələn, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə xaricdə təhsil alan tələbələr üçün təsis edilən dövlət təqaüdü proqramı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə hökumətlərarası təqaüd proqramları da həyata keçirilir. Bundan əlavə, bəzi təşkilatlar, məsələn, SOCAR xüsusi istedadlı tələbələrə dəstək verir. Buna baxmayaraq, özəl təşkilatların bu sahədə rolu çox zəifdir. Qeyri-hökumət təşkilatları və özəl şirkətlərin tələbələr üçün xüsusi təqaüd proqramları təşkil etməsi demək olar ki, yox səviyyəsindədir. Biz təhsil mütəxəssisləri olaraq inanırıq ki, özəl qurumlar da istedadlı gənclərə dəstək verməli, onların xaricdə və ya yerli ali təhsil ocaqlarında təhsil almasını təşviq etməlidir. Ölkəmizdə dünya və respublika səviyyəli fənn olimpiada qalibləri, beynəlxalq müsabiqə iştirakçıları, yüksək nəticələr göstərən tələbələr kifayət qədərdir. Bu gəncləri həvəsləndirmək üçün şirkətlər təqaüd proqramları təqdim edə bilər”.

Ramin Nurəliyev qeyd edib ki, qeyri-hökumət təşkilatları istedadlı gəncləri müəyyənləşdirib onları müvafiq özəl şirkətlərlə əlaqələndirə bilər: “Belə təşəbbüslər özəl sektorun da maraqlarına xidmət edir. Şirkətlər təqaüd verdikləri gəncləri təcrübə proqramlarına cəlb edərək onları gələcək üçün peşəkar kadr kimi hazırlaya bilərlər. Bu, əmək bazarına təcrübəli işçilərin qazandırılmasına, eyni zamanda, gənclərin rəqabət ruhunu artıraraq daha savadlı olmalarına şərait yaradacaq.

Cəmiyyət olaraq öz universitetlərimizdə təhsil alan tələbələr üçün təqaüd proqramlarını təşviq etməli, istedadlı gəncləri bu sahəyə maraqlandıraraq təhsilin inkişafına töhfə verməliyik”.

Xəbər lenti