Logo

AzMİU və Huawei arasında əməkdaşlıq İKT sektorunun inkişafında yeni imkanlar yaradacaq

27.01.2025 15:21 84 baxış
IMG

27 yanvar tarixində "Huawei Technologies Azerbaijan" MMC və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında İKT sahəsində istedadların inkişafına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, memorandumun imzalanması münasibətilə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Huawei şirkətinin səlahiyyətli nümayəndəsi Lin Yanxia arasında görüş keçirilib. Görüşdə hər iki qurumun nümayəndə heyətləri də iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Çin arasında yüksələn siyasi və iqtisadi əlaqələrə vurğu edilib. Professor Gülçöhrə Məmmədova Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda Çin televiziyasına verdiyi müsahibədə Çin şirkətləri ilə əməkdaşlığın faydalarından bəhs etdiyini xatırladaraq Huawei ilə AzMİU arasında qurulan əməkdaşlığın da bu kontekstə hər iki tərəf üçün töhfə verdiyini qeyd edib.

Lin Yanxia Huawei-in Azərbaycandakı fəaliyyətləri və İKT ekosisteminin inkişafına verdiyi töhfələrdən bəhs edərək şirkətin innovativ texnologiyalar və proqramlar vasitəsilə gələcək mütəxəssislərin yetişdirilməsində oynadığı roldan danışıb. Qonaq AzMİU ilə əməkdaşlığın Azərbaycanın rəqəmsal transformasiya planları ilə uzlaşdığını qeyd edib. 

Memorandum çərçivəsində tərəflər İKT sahəsində dörd əsas əməkdaşlıq istiqamətlərini müəyyən ediblər:

- AzMİU-da Huawei İKT Akademiyasının təsis edilməsi; 
- Huawei HCIA Sertifikasiyaları proqramının həyata keçirilməsi;
- Seçilmiş tələbələr üçün Huawei Yay Məktəbi;
- Huawei İKT Yarışlarının təşkili.

Huawei şirkəti AzMİU müəllimləri üçün xüsusi təlimlər təşkil edəcək, tələbələrin HCIA sertifikat imtahanlarında iştirakını təmin edəcək və onlara beynəlxalq yay məktəbi və İKT yarışları kimi imkanlar yaradacaq. AzMİU isə müəllimləri seçəcək, təlimlər üçün otaqlar ayıracaq, İKT Akademiyası dərslərini formalaşdıracaq və tələbələrin bu proqramlara qoşulmasını təşkil edəcək.

Qeyd edək ki, Memorandumun məqsədi Azərbaycanın İKT ekosistemində yüksək ixtisaslı və sertifikatlaşdırılmış mütəxəssislərin hazırlanması üçün davamlı proqramların yaradılmasıdır. Bu əməkdaşlıq ölkənin rəqəmsal inkişafına və gələcək nəsil texnologiya mütəxəssislərinin yetişdirilməsinə böyük töhfə verəcək. Memorandum 1 il müddətində qüvvədə olacaq və tərəflərin birgə səyləri nəticəsində Azərbaycanın İKT sektorunun inkişafında yeni imkanlar yaradacaqdır.

 

 

 

 


 

Xəbər lenti