İctimai Səhiyyə və İslahatlar Mərkəzi BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi ilə birgə “Tərəqqiyə təhdid: iqlim dəyişmələrinin uşaqların sağlamlığına və rifahına təsirləri ilə mübarizə” mövzusunda dəyirmi masa təşkil edilib.
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin əməkdaşları - böyük elmi işçisi Cəmilə Əhmədova və elmi işçi Azadə Məmmədova tədbirdə iştirak ediblər.
Coğrafiya İnstitutundan Tehsil.biz-ə bildirilib ki, Cəmilə Əhmədova çıxış edərək bu sahədə Azərbaycanda mövcud vəziyyət, görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, yay aylarında isti hava dalğalarının təkrarlanması baza dövrü ilə müqayisədə 5-7 dəfə artıb. Bu dalğalar son 10 ildə yay mövsümündə bir neçə dəfə təkrar olunur və onların intensivliyi də artır. Əvvəllər mütləq maksimum temperatur 30-40 ildən bir yenilənirdisə, indi bu yenilənmə böyük sürətlə baş verir. Məsələn, əvvəllər Bakıda maksimum temperatur 40 dərəcə idisə, indi bu rəqəm 43-dək qalxıb. Yəni 10 il ərzində mütləq maksimum temperatur yenilənərək 3 dərəcə artıb.
Alim bildirib ki, isti hava dalğaları daha çox həssas insan qruplarına pis təsir edir. 2006-cı ildən başlayaraq Proqnozlar bürosu isti dalğalar barəsində əhalini xəbərdar edir ki, bu da öz müsbət təsirini göstərib. Araşdırmalar isti dalğaların nadir hallarda olduğu dövrlə son dövrdə olan çağırışlarda böyük fərqin – azalmaların olduğunu üzə çıxarıb.