Logo

İqtisadiyyat İnstitutunda qiymətlərin dövlət tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb

27.01.2025 17:12 71 baxış
IMG

Yanvarın 27-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda ənənəvi elmi seminar keçirilib.

İqtisadiyyat İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, seminarda İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin müdiri dosent Allahyar Muradov “Qiymətlərin dövlət tənzimlənməsi: ölkələrarası müqayisəli təhlil və Azərbaycan üçün nəticələr” mövzusunda məruzə ilə çıxış edib.

Bildirilib ki, bu tədqiqat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi əsasında professor Nazim Müzəffərlinin rəhbərliyi ilə İqtisadiyyat İnstitutunda yerinə yetirilib. Tədqiqat dövlətin qiymətlərə müdaxilə səviyyəsinin ölçülməsi və müqayisəli təhlili üzrə ilk elmi əsərlərdən biridir. Belə ki, həmin ölçmələr 129 ölkə üzrə məhz İqtisadiyyat İnstitutunun hazırladığı yeni metodologiya əsasında aparılıb. Hazırda Azərbaycan qiymətlərə ümumi müdaxilənin sərtliyinə görə 129 ölkə üzrə sıralamada 68-ci, daxil olduğu yüksək-orta gəlirli ölkələr qrupunda isə 23-cü yerdədir. Baltikyanı dövlətləri saymasaq, Azərbaycanda qiymətlərin tənzimlənməsi postsovet respublikaların hamısından daha liberaldır. Tədqiqatın müəllifləri hesab edirlər ki, ölkəmizdə qiymətlərin liberallaşdırılması potensialı var və liberallaşma iqtisadiyyata müsbət təsir göstərər. Azərbaycan üçün dəyərləndirmədən ortaya gələn ümumi təəssürat belədir ki, yaxın və orta müddətli perspektivdə qiymətlərə birbaşa və dolayı müdaxilələrin azaldılması ölkədə aparılan iqtisadi siyasətin prioritetlərindən olmalıdır.

Əvvəlki dövrlərdə Azərbaycanda ümumi qiymət tənzimləməsinin nisbi sərtliyi daha yüksək olub. Lakin vəziyyətin dəyişməsi Azərbaycanda qiymətlərin tənzimlənməsi sahəsində hansısa liberal islahatlarla bağlı deyil. Səbəb odur ki, son illərdə ekstremal iqtisadi və xüsusilə də siyasi şərtlər üzündən əksər ölkələrdə iqtisadiyyata, o cümlədən qiymətlərə müdaxilə kəskin surətdə artıb, Azərbaycanda isə əsasən sabit (dəyişməz) qalıb. Nəticədə həmin ölkələr dirijistlik üzrə sıralamada yuxarı qalxıblar və onlarla müqayisədə indi Azərbaycanda qiymətlər daha liberaldır.

A.Muradov bildirib ki, tədqiqatda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi qeyri-səlis məntiq əsasında ölçülüb və təhlil olunub. Ölçmələr iki formatda - birbaşa müdaxilələr üzrə və müdaxilənin ümumi səviyyəsi üzrə aparılıb. Bu əsasda iki yeni göstərici - dövlətin qiymətlərə birbaşa müdaxiləsi indeksi və dövlətin qiymətlərə müdaxiləsinin ümumi səviyyəsi indeksi hesablanıb. Tətbiq edilmiş metodoloji yanaşmalar hər iki halda orijinaldır və müəlliflər tərəfindən hazırlanıb. Alınmış nəticələr əsasında müvafiq reytinqlər tərtib edilib, qiymətlərə müdaxilənin sosial-iqtisadi təsirləri ayrıca araşdırılıb. Müəlliflər ümid edirlər ki, onların Azərbaycanda qiymətqoymanın müəyyən biçimdə liberallaşdırılması üzrə təklifləri dövlət qurumları tərəfindən qiymətlərin tənzimlənməsi ilə bağlı qərarların hazırlanmasında faydalı olacaq.

Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Xəbər lenti