Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət “RED” komandasının hazırladığı “Zəngəzur” Pilotsuz Uçuş Aparatının (PUA) daha da təkmilləşdirilməsi üzərində çalışmalar davam etdirilir.
BMU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, PUA-nın növbəti festivallarda və beynəlxalq sərgilərdə nümayiş olunması planlaşdırılır.
Qeyd edək ki, “Zəngəzur” Pilotsuz Uçuş Aparatı yüksək texniki parametrlərə, eyni zamanda, radioekoloji monitorinq imkanlarına malikdir. PUA havada hibrid rejimdə 3 saat işləmək, 6 km diapozonda hündürlüyə qalxmaq kimi yüksək imkanları özündə daşıyır. PUA-nın faydalı yük götürmə qabiliyyəti 4 kq, öz çəkisi isə 18 kq-dır.
“Zəngəzur” Pilotsuz Uçuş Aparatı ötən ilin sentyabrında “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə, eləcə də “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgilərində nümayiş olunub və beynəlxalq sərgilərin təşkilatçıları tərəfindən xüsusi sertifikata layiq görülüb.