Logo

“Bizi Qərbi Azərbaycana qaytaran tarixi yaddaşımız olacaq” - Hikmət Babaoğlu

23.01.2025 17:17 106 baxış
IMG

“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 88 nömrəli tam orta məktəbdə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə bildirilib ki, layihənin budəfəki qonağı Milli Məclisin deputatı Hikmət Babaoğlu olub.

Şagird auditoriyası qarşısında çıxış etməkdən duyduğu məmnuniyyəti dilə gətirən qonaq özünün məktəb, tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb, formalaşmasında mühüm rol oynamış sevimli müəllimlərini xatırlayıb. H.Babaoğlu bu gün məktəbin, müəllimin nüfuzundan, bu müqəddəs dəyərlərin qorunması işində cəmiyyətin rolundan, fərdin şəxsiyyətə çevrilməsində müəllimin əməyindən danışıb. Qarabağ Zəfərində Azərbaycan məktəbinin yetişdirdiyi gənclərin göstərdiyi qəhrəmanlıqlardan bəhs edən deputat Qərbi Azərbaycana qayıdış prosesində yeniyetmə və gənclərin üzərinə düşən vəzifələrdən söz açıb. “Bizi Qərbi Azərbaycana qaytaran tarixi yaddaşımız olacaq”, - deyən H.Babaoğlu bildirib ki, əzəli yurd yerimizə qayıdış o torpaqların əsl sahiblərinin ən böyük haqqıdır.

Qonaq məktəblilərin cəmiyyət, bütövlükdə ölkə üçün faydalı, layiqli vətəndaş kimi yetişmələri, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, mütaliənin qazandırdığı üstünlüklər və digər maraqlı məqamlara toxunub, şagirdləri düşündürən sualları cavablandırıb.

Daha sonra qonaq müəllifi olduğu kitabları şagirdlərə və məktəbin kitabxanasına hədiyyə edib.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Xəbər lenti