Logo

Azərbaycan Universitetində yeni dərs vəsaiti hazırlanıb

27.01.2025 14:31 80 baxış
IMG

Son illərdə Azərbaycanda beynəlxalq maraq kəsb edən populyar idman yarışlarının keçirilməsi, ölkənin mötəbər beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi bu sahəyə olan maraq və diqqəti hər keçən gün daha da artırır. Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrası müasir dövrün tələblərinə uyğun olaraq idman tərcüməsi sahəsində önəmli bir addım atıb. Kafedranın müəllimi Oqtay İsmayıl və kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Ləman Qasımlının həmmüəllifliyi ilə tərtib olunan “İdman tərcüməsi” (“Sports translation”) adlı dərs vəsaiti çapdan çıxıb.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, dərs vəsaitində məşhur idman növləri, Azərbaycanda keçirilən idman yarışları haqqında müxtəlif mətnlər yer alıb. Vəsaitin zəngin lüğət tərkibi tələbələrə bu sahə üzrə terminoloji baza ilə yaxından tanış olmaq, idman tərcüməsi üçün faydalı olacaq tərcümə metodlarını mənimsəmək üçün imkan yaradır.

Qeyd edək ki, bu tədris ilindən etibarən Azərbaycan Universitetinin tərcümə (ingilis dili) ixtisasında idman tərcüməçiliyi fənninin tədrisinə başlanıb. Yeni fənnin tədrisi tələbələrə idman sahəsindəki tərcümə işlərini daha peşəkar şəkildə həyata keçirmək bacarığı qazandırmağı hədəfləyir. Bu vəsait isə həmin məqsədi həyata keçirmək üçün mühüm resurs olacaq.

Xəbər lenti