Məqsədimiz şagirdlərdə ünsiyyət baryerinin yaranma səbəblərinin zamanında aşkara çıxarılması və aradan qaldırılmasıdır
Uşaqlar məktəbə hər şeyin yaxşı olacağını düşünərək gedirlər. Onların çoxlu dostları olacaq, yaxşı qiymətlər alacaqlar və s. Lakin zamanla şagirdlər heç gözləmədikləri çətinliklərlə üzləşə bilirlər. Əlbəttə, elm, təhsil ocağı olan, bizi gələcək nailiyyətlərimizə, uğura aparan məktəbdə nə kimi problemlərimiz ola bilər ki? Müasir dövrdə elm və texnologiya inkişaf etdikcə şagirdlərin böyüklərin dəstəyinə ehtiyacı yaranır. Buna görə də şagirdə həm ailə üzvləri, həm də müəllim və məktəb kollektivi dəstək olmalıdır.
Müasir məktəbin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün psixoloji köməyə ehtiyac böyükdür. Məktəb psixoloqları olaraq şagirdlərlə tədris, inkişaf, öyrənmənin səmərəli yolları, böyüklər və öz yoldaşları ilə ünsiyyət, özünütərbiyə və s. kimi müxtəlif mövzularda psixoloji iş aparırıq. Bizim məqsədimiz uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılmasına xidmət göstərməkdən ibarətdir. Şagirdlər arasında qarşılaşdığımız diqqət əskikliyi, aşırı hərəkətlilik, impulsivlik, davranış pozuntuları, fobiya, qorxular, utancaqlıq, enurez, aqressiya, zərərli vərdişlərə maraq, telefon asılılığı, bullinq kimi problemlər isə ilboyu nəzarətdə saxlanılır.
Ümumiyyətlə, psixoloqun uşaqlara yardımının səmərəliliyi qarşıya çıxan bu və ya digər problemlərin səbəblərinin düzgün müəyyən edilməsindən asılıdır. Məktəblərimizdə bir qrup ünsiyyət baryeri olan şagirdlər var ki, onlar yaşadığı problemin aşkara çıxmasından narahat olaraq bu problemi necə izah edəcəyini bilmədiyindən, bəzən günahkarlıq duyğularının verdiyi narahatlıqdan ətrafındakı insanlardan uzaqlaşar, tənhalığa çəkilərlər. Onları aşkar etmək məktəb psixoloqundan yüksək səriştəlilik və vaxt tələb edir. “Etibar qutusu”nun yaradılmasında məqsədimiz belə şagirdlərdə ünsiyyət baryerinin yaranma səbəblərinin zamanında aşkara çıxarılması və aradan qaldırılmasıdır.
“Etibar qutusu”nun yaradıldığı ilk günlərdə şagirdlərdən daha çox sevgi və duyğu dolu xüsusi məktublar aldıq. Bir müddət sonra isə artıq onlar öz problemlərini qısa şəkildə qeyd edərək yardım almaq istədiklərini bildirirdilər. Bu məzmunda məktublar daha çox yeniyetmə şagirdlərdən gəlsə də aralarında azyaşlı şagirdlər də az deyil.
Özünü tənha hiss edən, dostluq və yoldaşlıq münasibətlərini qurmaqda çətinlik çəkən, özgüvən problemi yaşayan, ailələri tərəfindən dəstəklənməyən yeniyetmələr üçün psixoloqla güvənli əlaqə qurmaq, xüsusən önəmlidir. Onları hərəkətə gətirən gücü, düşüncələrini, ümidlərini, inamlarını, məqsədə aparan motivlərini aşkara çıxarmaq, ailənin onlara dəstəyini artırmaq, bacarıq və keyfiyyətlərini aşkara çıxarmaq məktəb psixoloqu kimi bizim vəzifəmizdir.
“Etibar qutusu”ndan əldə etdiyim müraciətlərin bir çoxu ailədaxili problemlər, valideyn-uşaq, şagird-müəllim, şagird-şagird münasibətlərindəki problemlərin aşkara çıxarılmasına təkan verir. Belə hallarda müəyyən edilmiş problemə uyğun olaraq psixoloji iş bir neçə istiqamətdə qurulur:
- şagirdlərə qarşı müxtəlif zorakılıq hallarının qarşısının alınmasına çalışıb, onların təlim-tərbiyəsi, həyat şəraiti ilə bağlı məlumat toplayıb, profilaktik tədbirlər həyata keçirmək;
- qayğıdan kənarda qalmış uşaqların inkişafı məqsədilə müəllimlər üçün fərdi planlar tərtib etmək;
- ailə fərdləri ilə görüş təşkil etmək;
- sinif rəhbəri və müəllimlərlə şagirdin fərdi iş proqramının tərtib və tətbiq edilməsi ilə yaxından maraqlanmaq və s.
Şagirdlə ilk günlərdə fərdi görüşlərin təşkili nəzərdə tutulsa da, zamanla qrup söhbətləri və psixoloji-pedaqoji konsiliumlar da problemi dərindən həll etməyə imkan verir. Bu tədbirlər şagirdlərin özünü ifadə etmə qabiliyyətlərini artırmağa, emosional vəziyyətinin normaya düşməsinə, stresin öhdəsindən gəlmək üçün bacarıqlara yiyələnməsinə, ətrafındakı insanlara empatiya hissinin artmasına kömək edir.
Beləliklə, şagirdin ətrafındakı insanlarla qarşılıqlı münasibəti yaxşılaşır və sosiallaşması üçün sağlam psixoloji mühit yaranır.
Aysel MƏMMƏDOVA,
Bakı şəhər R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyin psixoloqu