Logo

AMEA Humanitar Elmlər Bölməsinin ötənilki fəaliyyəti müzakirə edilib

23.01.2025 12:03 40 baxış
IMG

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri də Humanitar Elmlər Bölməsinin 2024-cü ildəki fəaliyyətinə dair olub.

TƏHSİL.BİZ  xəbər verir ki, Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı bölmənin hesabatını təqdim edib. Diqqətə çatdırıb ki, 2024-cü ildə bölmənin elmi müəssisələrində 34 problemə aid 71 mövzuya dair 437 tədqiqat işi, 104 mərhələ aparılıb, 11 mövzu, 259 iş, 100 mərhələ tamamlanıb.

Qeyd edilib ki, 2024-cü ildə bölmə əməkdaşlarının 140 kitabı (7-si xaricdə), 60 monoqrafiyası (8-i xaricdə), 1828 məqaləsi (430-u xaricdə), 345 tezisi (157-si xaricdə), 11 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri çap edilib, bu məqalələrdən 20-si “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub, əməkdaşların əsərlərinə 384 istinad qeydə alınıb.

Vurğulanıb ki, “Yaşıl dünya naminə həmrəylik ili” və onunla səsləşən COP29-un çağırışlarını özünün prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Humanitar Elmlər Bölməsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik: COP29-un çağırışları və humanitar elmin vəzifələri”, “Klassik divan ədəbiyyatında bitki obrazı”, “Azərbaycan folklorunda təbiət kultu”, “Memarlıq və incəsənətdə yaşıl dünya” mövzusunda konfranslar, “Əlyazmalarda təbiət motivləri və nəbati elementlər” adlı sərgi təşkil edilib, “Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” və “Ekolinqvistika: oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” kitabları çap olunub.

Məruzəçi, həmçinin qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar 4 kitab çap olunub, 4 tədbir təşkil edilib, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı 11 kitab, 3 konfrans materialı və “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb, 2 beynəlxalq və 4 respublika konfransı, 1 simpozium, 1 konfrans və 1 tədbir keçirilib. Bundan əlavə, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə əlaqədar 2 kitab nəşr olunub, 4 tədbir təşkil edilib, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı isə 5 kitab çapdan çıxıb, 1 konqres, 1 respublika konfransı və 2 elmi sessiya keçirilib. Qərbi Azərbaycana qayıdış çərçivəsində isə bölmənin əməkdaşları tərəfindən “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji lüğəti”, “Zəngəzur folklor örnəkləri. I kitab”, “Zəngəzur folklor örnəkləri. II kitab”, “Zəngəzur: tarixi məkan və milli yaddaş. Elmi araşdırmalar toplusu”, “Zəngəzur folkloru: milli-mədəni düşüncə və çağdaş elmi yanaşmalar. Elmi araşdırmalar toplusu”, “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər”, “Qərbi Azərbaycan folkloru. 3-cü kitab”, Qərbi Azərbaycan mətnlərinin yer aldığı “İbiş” və “Qaraçanta”, “Qərbi Azərbaycan toponimlərinin həqiqətləri. Məqalələr toplusu” və “Qərbi Azərbaycan toponimləri lüğəti” nəşr olunub, 2 respublika konfransı təşkil edilib.

Eyni zamanda, bölmə əməkdaşlarının elmmetrik göstəriciləri təqdim edilib, kadr potensialı və kadr hazırlığı, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər və s. barədə məlumatlar diqqətə çatdırılıb.

Hesabat ətrafında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edərək Humanitar Elmlər Bölməsinin 2024-cü ildəki fəaliyyətini yüksək qiymətləndirib, bir sıra təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Humanitar Elmlər Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib və bölməyə müvafiq tapşırıqlar verilib.

Xəbər lenti