Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində keçirilən "Fizika ayı" çərçivəsində Mingəçevir şəhəri və ətraf bölgələrdən olan məktəblilər üçün Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika laboratoriyasında görüş təşkil edilib. Bu tədbir gənc nəslin elmə olan marağını artırmaq və onların praktiki biliklərini genişləndirmək məqsədi daşıyıb.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşə Salahlı kənd, Mingəçevir şəhər 8 nömrəli və 18 nömrəli tam orta məktəblərin şagirdləri qatılıb. Məktəblilər universitetin Fizika laboratoriyasını ziyarət edərək, müxtəlif cihazların iş prinsipi haqqında ətraflı məlumat alıblar. Laboratoriyada keçirilən praktiki təcrübələr və cihazların işləmə prinsipləri barədə verilən izahlar şagirdlərin elmi və texniki biliklərini artırmaq baxımından böyük əhəmiyyət kəsb edib.