Logo

Professor: Vətən tarixinin dövlət dilində öyrədilməsi tam əsaslıdır

24.01.2025 17:02 104 baxış
IMG

Azərbaycan tarixi fənninin məktəblərin təlim rus dilində olan siniflərdə dövlət dilində tədrisi valideynlər tərəfindən birmənalı qarşılanmayıb. Onların bir qismi bunu Konstitusiyaya zidd hərəkət, övladlarının təlim dilini sərbəst seçmək hüquqlarının pozulması kimi qiymətləndirir. Onlar övladlarının dərslikdə olan mətnləri mənimsəməkdə çətinlik çəkdiklərini iddia edirlər.

Bu mövzuda TƏHSİL.BİZ -ə açıqlama verən əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov qeyd edib ki, Azərbaycan dilini daha yaxşı mənimsəmək üçün Vətən tarixinin dövlət dilində öyrədilməsi tam əsaslıdır. 

Asif Cahangirov vurğulayıb ki, bu, uşaqların Konstitusiya hüquqlarının pozulması deyil. Əslində gənc Azərbaycan vətəndaşlarının dövlət dilini mənimsəməsinə mane olanlar onların hüquqlarını pozur.

“Dərsliklərin dili bəzi şagirdlər üçün çətin ola bilər. Bu səbəbdən rus dilli siniflər üçün ”Azərbaycan tarixi" dərsliklərinə xüsusi əlavələrin hazırlanması məqsədəuyğun olardı. Azərbaycan tarixinin müəyyən mənada inteqrativ bir fənnə çevrilməsini nəzərə alaraq, bu sahədə çalışan müəllimlər üçün Azərbaycan tarixi kurikulumunun Azərbaycan dili fənninə inteqrasiyasınının xüsusiyyətləri və tədrisi metodikası üzrə xüsusi ixtisasartırma kurslarının təşkili də düzgün addım olardı.

Qeyd edək ki, tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili (dövlət dili) fənninə ayrılan saatların miqdarı artırılaraq həftədə 2 saatdan 3 saata çatdırılıb. Həmin siniflərdə “Zəfər tarixi” və “Ortaq türk tarixi” kursları, çağırışaqədərki hazırlıq fənni artıq dördüncü ildir ki, Azərbaycan dilində tədris olunur.
Həmçinin, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2022-2023-cü tədris ilində pilot qaydada 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərindən başlayaraq Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris olunub. Təhsil İnstitutu tərəfindən layihənin tətbiqi ilə bağlı təhsil müəssisələrinə müvafiq metodiki köməklik göstərilib.

2023-2024-cü tədris ilində belə məktəblərin sayının ölkə üzrə 100-ə çatdırılması, 20 məktəbin V siniflərində başlanmış layihənin VI siniflərdə də davam etdirilməsi tövsiyə olunub.

Xəbər lenti