“Son illərdə peşə təhsilinin əhatəliliyinə dair bir çox hədəflərə artıq nail olunub. Bildiyiniz kimi, bu tədris ilində peşə təhsil müəssisələrinə 25 minə yaxın tələbə qəbul edilib ki, bu da son 10 ilin ən yüksək göstəricisidir”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu bu gün "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O bildirib ki, əhatəliliklə bağlı hədəfə nail olmaq üçün görülən tədbirlər davam edir və 2026-cı ilə qədər təxminən 28 min tələbənin peşə təhsil müəssisələrinə cəlb edilməsi planlaşdırılır:
“Əhatəliliyin artırılması üçün bir çox şərtlər mövcuddur və bu şərtlərdən ən vacibi siyasi iradədir. Bu istiqamətdə ölkə başçısının peşə təhsilinin inkişafı ilə bağlı konkret hədəfləri mövcuddur. Bu hədəflər çərçivəsində peşə təhsilinin infrastrukturunun müasirləşdirilməsi və təkmilləşdirilməsi mühüm yer tutur”.