TƏHSİL.BİZ -ə müsahibə verən tanınmış təhsil eksperti Nadir İsrafilov bu mövzuya toxunub.
N.İsrafilovun sözlərinə əsasən, bu gün ali təhsil müəssisələrimizdə bir çox tənzimlənməyən məsələlərin olduğu dilə gətirilir, ali təhsil müəssisələrinə pullu ixtisaslara qəbul olan tələbələrin təhsil haqqını ödəyə bilməməsi ilə bağlı problem qaldırılır.
"Bir halda ki, ali təhsilin hamı üçün əlçatanlığı kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabətə başlamışıq, neft kapitalını insan kapitalına çevirmək məqsədimiz var, bu halda əlçatanlığı təkcə kiminsə bal toplayıb ali məktəbə qəbul olması ilə ölçməməliyik. Burada əsas məsələ maddi problemi olan şəxslər üçün də təhsili əlçatan etməkdir. İldən-ilə minlərlə tələbə yüksək balla ali mətəbə qəbul olunduğu halda, maddi problem səbəbilə tələbə adını qazanmaqdan imtina edir. Həmçinin oxuyanlar arasında da tələbələr var ki, maddi vəziyyətlə əlaqədar təhsillərini yarımçıq qoyurlar.
Sahibkarlar, biznes strukturları, imkanlı şəxslər tələbə yataqxanası tikdirib, münasib kredit şərtləri ilə tələbələri sevindirə bilərlər. Kirayə haqqı və yolpulunun verilə biləcəyinə, tələbələrin nəqliyyat pulunun ödənilməsində yaşadıqları çətinliklərin aradan qaldırılmasının hədəflənməsinə təklif edilən müəyyən mexanizmlər kimi məsələlərin həllində elə də bir ciddi maneələr görmürəm. Ödənişli və hətta, dövlət hesabına ödənişsiz əsaslarla təhsil alan tələbələrə də təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər. Çünki tələbələrimizin yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. bu kimi ehtiyac və təyinata görə kreditlərə böyük ehtiyacı var. Axı, nəyə görə yüksək bal toplayıb tələbə adını qazanan xeyli sayda məzunumuz imkansızlıq üzündən ali təhsil almaq hüququndan məhrum olmalıdır?
Dünya təcrübəsindən onu bilirəm ki, məsələn, ABŞ-ın ən qədim ali təhsil ocaqlarından olan, hazırda Massaçusets ştatının Kembric şəhərində yerləşən və kampusu 154 hektarlıq ərazini əhatə edən, ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını (779 funt) və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib. Bu kimi misalların sayını xeyli artırmaq da olar. Hələ ki, bizdə hansısa biznesmenin, şirkət rəhbərinin elmə, təhsilə hər hansı bir töhfəsinin şahidi olmamışam. Bəlkə də, nəsə edənlər olub, mən təsadüf etməmişəm.
Axı, bir vaxtlar bizim də messenatçılıq, missionerlik, xeyriyyəçilik ənənələrimiz olub.Təkcə, onu xatırlatmaq kifayət edər ki, Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış azərbaycanlı milyonçu, mesenat, ən böyük xeyriyyəçi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmış qızlar məktəbi bu məsələnin yoluna qoyulmasında nə kimi rol oynamış, Hacının və digər xeyriyəçilərimizin təşəbbüsü və maliyyə dəstəyi ilə nə qədər qız və gəlinlərimiz təhsil almaq üçün xaricə göndərilmiş və peşəkar sənət sirlərinə yiyələnərək Azərbaycana qayıtmışlar.
Hacı Zeynalabdin Tağıyevlər, Musa Nağıyevlər kimi messenat xeyriyəçilərimizin, Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, onlarla digər ziyalılarımızın öz vəsaitləri hesabına xaricə tələbə göndərməsi, onlara əl tutması barədə nə qədər konkret faktlarımız var. Hər bir sahibkar, imkanlı şəxs dərk etməmiş deyil ki, təhsil bizim gələcəyimizdir, təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işidir, ümummilli məsələdir. Düzdür, bir ara iş adamlarımız, imkanlı şəxslər heç olmasa, məscid tikməyə başlamışdilar, sonralar nə baş verdisə, onu da tərgitdilər.
Bu mənada, imkanlı iş adamlarımızın, sahibkarların təhsil məsələlərinin həllinə ürəkdən qoşulmaları arzuolunandır. Əlbəttə arzu olunardı ki, dünyanın bir sıra ölkələrində olduğu kimi imkanlı iş adamlarımız, sahibkarlar, kommersiya və biznes strukturlarımız da təhsilimizin son dərəcə vacib, taleyüklü məsələlərini həllinə ürəkdən qoşulsunlar, ümumi işimizin xeyrinə öz layiqli töhfələrini versinlər. Bu halda nəinki ödənişli, dövlət hesabına oxuyan ödənişsiz əsaslarla təhsil alan tələbələrə də təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər. Çünki tələbələrimizin yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. bu kimi ehtiyac və təyinata görə kreditlərə böyük ehtiyacı var. Axı, nəyə görə yüksək bal toplayıb, tələbə adını qazanan xeyli sayda məzunumuz imkansızlıq üzündən ali təhsil almaq hüququndan məhrum olmalıdır.
Bu gün ayrı-ayrı məktəblərdə ziyalılar, müxtəlif peşə sahibləri, ölkədə kifayət qədər tanınan şəxslərlə görüşlər keçirilir. Görüşlərdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılır, məktəbliləri düşündürən suallara aydınlıq gətirilir. Bu kimi görüşlərin keçirilməsi ali məktəblərdə də geniş vüsət alıb.
Elə isə bu kimi görüşlər biznesmen, şirkət rəhbərləri, imkanlı iş adamları ilə niyə keçirilməsin? İstənilən halda bu kimi görüşlər “Tik-Tok”çularla, hansısa bloqqerlərlə görüşdən daha faydalı olar və iş adamlarımızın diqqətini elm və təhsilimizin mövcud problemlərinə cəlb etməkdə müəyyən stimul rolunu oynayar. Prezident İlham Əliyevin təbirincə desək: “Biznesin, sahibkarlığın sosial məsələlərin həllində də iştirakı, hesab edirəm ki, həm iş adamlarına mənəvi bir qida verəcək, həm də ölkəmizin inkişafına səbəb olacaq.”"