İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə Qurban bayramında, keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. Adı da bu bayrama görə verilmişdir.
İsmayıl bəy Qutqaşınlı uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb, fars dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Xidmət illərində İ. Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur. Eyni zamanda o, Azərbaycanın böyük marifçi alimləri — Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq etmişdir. Bu şəxslər Azərbaycan ədəbiyyatında "Paqonlu maarifçilər" adı ilə məşhurdurlar.
Ömrü boyu doğma xalqının səadəti, maariflənməsi, mədəni yüksəlişi uğrunda çarpışan İsmayıl bəy eyni zamanda yorulmaz səyyah idi. O, müsəlman Şərqini gəzmiş, gördüklərinə əsl alim kimi yanaşmış, olduğu ölkələr, şəhərlər haqqında geniş məlumat qoyub getmişdir.
S.Mümtaz yazır: “İsmayıl bəyin haqqında bəzi vəsiqələrdən başqa bu gün əldə heç bir yazılı mənbə yoxdur. Bu qiymətli vəsiqələrin nazimi isə İsmayıl bəyin və Mirzə Fətəlinin müasiri və yaxın dostu məşhur şairlərimizdən Qasım bəy Zakirdir. Zakir öz yaradıcılığında dəfələrlə İ.Qutqaşınlıya müraciət etmişdir:
Bu əhldən mehribanlıq görmədim,
Məgər bizə ola o yandan mədəd.
Qutqaşın tərlanı, Şəki şahbazı,
Sakini-biladi – Şirvandan mədəd...
Həzrəti İsmail olsun dəlilin,
Yetiş imdadına piri-əlilin;
Necə fərzənində ol dəm Xəlilin
Cəbrail gətirdi qurbandan məbəd...”.
İ.Qutqaşınlı genişürəkliliyi, insansevərliyi ilə məzlumlara məhəbbəti, darda qalanlara həmişə əl tutması ilə ad çıxarıb. Qasım bəy Zakirin həyatının ən acı dəqiqələrində məhz İsmayıl bəyin arxa durduğu bəllidir. Zillətdə yaşayan Mirzə Baxış Nadimə də onun köməyi az olmamışdır.
Bədii nəsrimizin Səadəti
“Rəşid bəy və Səadət xanım” hekayəsi yazıldığı dövrdən zəmanəmizə qədər sevilə-sevilə oxunur və hər kəsin rəğbətini qazanır. Təsadüfi deyil ki, ədibin tədqiqatçısı S.Mümtaz bu əsərin əlyazmasının axtarışına otuz il vaxt sərf edib. Nəhayət, uzun illərin zəhmətindən sonra onun Bakıya gətirilməsinə nail olur. Bu əlyazmalar Mümtazın zəngin kitabxanasını bəzəyir. 30-cu illər repressiyasında ondan topladığı həmin sənədlər tələb ediləndə heç birini vermir, ölümü məğrurcasına qarşılayır, topladığı irs bu gün Azərbaycan ədəbiyyatının ən zəngin və etibarlı qaynaqlarındandır.
“Rəşid bəy və Səadət xanım” əsəri Qəbələ xanlarının nəslindən olan Səadət xanımla Şəki xanlarının nəslindən olan Rəşid bəyin sevgisindən, həmin dövr Azərbaycan mühitinin gerçəkliklərindən bəhs edir. Ədib bu mövzu ilə bağlı olaraq dövrün bir sıra aktual ictimai məsələlərinə toxunur, feodal adət-ənənələri, dini fanatizm, mühafizəkarlıq, qadın əsarəti əleyhinə çıxır, azad sevgi, qarşılıqlı məhəbbət əsasında ailə qurmaq prinsiplərini təbliğ edir. Hekayənin lirik qəhrəmanları Rəşid bəy və Səadət xanım XIX əsrin birinci yarısında Azərbaycanın kübar ziyalı gənclərinin bir sıra səciyyəvi cəhətlərini – həyata yeni münasibətini, istək və arzularını təcəssüm etdirir. Rəşid bəy obrazı eyni zamanda bəzi avtobioqrafik cizgilərə də malikdir...
İsmayıl bəyin bəlli olan ikinci əsəri “Səfərnamə” yol qeydləridir. Bu əsərdən ədəbiyyatşünaslarla yanaşı coğrafiyaçılar, dilçilər, tarixçilər, etnoqraflar və başqa sahələrə maraq göstərənlər yararlana bilərlər. Burada müəllifin Azərbaycan, eləcə də Osmanlı imperiyasına daxil olan ərəb ölkələri haqqında da orijinal məlumatları kifayət qədərdir. AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov tərəfindən aşkar edilən və şərti olaraq “Səfərnamə” adı altında nəşr olunan əsər ədibin həyatını, maraq dairəsini, dünyagörüşünü və şəxsiyyətini öyrənmək üçün diqqətəlayiq mənbələrdəndir.
İ.Qutqaşınlının əsərləri Azərbaycan ədəbi nəsrinin formalaşması və inkişaf tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir. Ədib 25 il hərbi xidmətdə olub əsasən rus dilində danışsa da, öz ana dilinin zənginliyini, saflığını, sadəlik və şirinliyini qoruyub saxlamışdır.
ADPU-nun ETM-in elmi işçisi, Filologiya fakültəsinin müəllimi Aynurə Əliyeva