Logo

AzMİU-da beynəlmiləlləşmə istiqamətində növbəti addım

22.01.2025 10:26 27 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq əlaqələrini daha da genişləndirmək istiqamətində növbəti uğurlu addım atıb. Bu məqsədlə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə Türkiyənin Konya Texniki Universitetinin rektoru professor Osman Nuri Çelik arasında onlayn görüş keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Belə ki, səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə hər iki universitetin rektorları ilə yanaşı, prorektorlar və müxtəlif struktur bölmələrin rəhbərləri də iştirak ediblər. Görüşdə təhsil və elmin inkişafına dair aktual mövzular müzakirə edilib, ortaq fikir mübadiləsi aparılıb. 

Tərəflər əməkdaşlığın iki qardaş ölkənin təhsil sahəsində əlaqələrini genişləndirəcəyinə əminlik ifadə ediblər. 

Görüşün sonunda AzMİU ilə Konya Texniki Universiteti arasında onlayn şəkildə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində ali təhsil müəssisələri birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, birgə elmi-tədqiqatların aparılması,  elmi seminar və konfransların keçirilməsi, birgə nəşrlərin çap olunması istiqamətində əməkdaşlıq etməyi planlaşdırır.

Qeyd edək ki, AzMİU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirmək istiqamətində gördüyü işlər universitetin, həmçinin Azərbaycan elminin qlobal miqyasda tanınmasına xidmət edir. Bu müqavilə də təhsil və elmin inkişafı istiqamətində uğurlu nəticələr verəcəyinə dair böyük ümidlər yaradır.

 

 

 

 


 

Xəbər lenti