Logo

“Qida və su təhlükəsizliyinin təkmilləşdirilməsində müasir avadanlıq və metodların tətbiqi” - konfrans

22.01.2025 15:04 33 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU), “Bayramlı Group” MMC və Almaniyanın “AnalytikJena” şirkətinin birgə təşkilatçılığı ilə “Qida və su təhlükəsizliyinin təkmilləşdirilməsində müasir avadanlıq və metodların tətbiqi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan bildirilib.

Universitetin rektoru Elçin Babayev qeyd edib ki, bu mühüm tədbir qlobal miqyasda aktual olan qida və su təhlükəsizliyi məsələlərinin müzakirəsi üçün imkan yaradır və ölkədə dövlət-özəl tərəfdaşlığının uğurla həyata keçirildiyini göstərir. Azərbaycanda qida və su təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə müasir texnologiyaların tətbiqi, qida təhlükəsizliyi standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir. BDU da bu proseslərin bir parçası kimi sənaye və biznes tərəfdaşları ilə birlikdə ölkəmizin inkişafına töhfə verir.

Rektor diqqətə çatdırıb ki, BDU-da yaradılan “Ekoməkan” və ECOLEAD Klinikası qida və su təhlükəsizliyi, ekoloji problemlərin həlli və təbii resurslardan səmərəli istifadə sahələrində yeni yanaşmaların tətbiqinə xidmət edir: “BDU-da qida təhlükəsizliyi ilə bağlı müxtəlif tədqiqatlar aparılır, müasir laboratoriyalar qurulur və gənc mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə BDU-nun elmi-tədqiqat mərkəzlərində ən son texnologiyalar tətbiq olunur. Bu konfransın təşkilində tərəfdaşımız olan “Bayramlı Group” MMC və “AnalytikJena” şirkətləri ilə əməkdaşlığımız qida və su təhlükəsizliyi sahəsində biliklərin paylaşılması və yeni texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir. Hər iki şirkətin mütəxəssislərinin təqdim edəcəyi müasir analitik avadanlıqlar və qabaqcıl metodlar barədə çıxışlar iştirakçılara bu sahədə innovativ həlləri və tətbiq imkanlarını yaxından tanımaq imkanı verəcək”.

“Bayramlı Group” MMC-nin təsisçisi və direktoru Cavid Bayramlı dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olan konfransın ölkəmizdə qida və su təhlükəsizliyinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib və tədbirin işinə uğurlar arzulayıb. O qeyd edib ki, “Bayramlı Group” Azərbaycan, Türkiyə, Gürcüstan, Orta Asiya və ərəb ölkələrində molekulyar bioloji laboratoriyalarının qurulması, layihələndirilməsi və təchizatını həyata keçirir. Şirkət dövlət-özəl işbirliyi çərçivəsində bir sıra qurumlarla, o cümlədən BDU ilə uğurlu layihələr həyata keçirir.

Konfransın elmi sessiyasında “AnalitykJena“ şirkətinin regional meneceri Marina Muxinanın, şirkətin əməkdaşı Oliver Büttelin, “Bayramlı Group”un analitik avadanlıqlar üzrə mütəxəssisi Aynur Ömərlinin məruzələri dinlənilib. Atom absorbsiya spektroskopiyası, müasir metodların tətbiqi, qida keyfiyyətinə nəzarət, tullantıların idarə olunması və ekoloji problemlərin həlli kimi sahələrdə innovativ yanaşmalar müzakirə olunub.

 

Xəbər lenti