Logo

BMU-da Çinin universitet və şirkətləri ilə qurulan əlaqələrlə bağlı müzakirə aparılıb

30.01.2025 16:05 45 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) ali məktəbin nümayəndə heyətinin bu ilin yanvar ayında Çin Xalq Respublikasına səfərinin yekunları ilə bağlı məlumatlandırma tədbiri keçirilib.

BMU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, tədbirdə paytaxt Pekində Çinin tanınmış universitetləri və şirkətləri ilə baş tutan əməkdaşlıq görüşləri, əldə edilən mühüm razılaşmalar müzakirə olunub.

Rektor Yaqub Piriyev tədbirdə son illər BMU-nun tanınmış xarici universitetlərlə bir sıra istiqamətlər üzrə yeni əməkdaşlığının yarandığını qeyd edib. Rektor Çinin nüfuzlu ali məktəbləri ilə münasibətlər qurmaqda əsas məqsədin də universitetin beynəlxalq əlaqələrinin genişlənməsinə, tədris və elmi təcrübənin ortaq öyrənilməsinə xidmət etdiyini bildirib. Yaqub Piriyev xüsusilə “Kimya mühəndisliyi” ixtisası üzrə Çində və dünyada qabaqcıl yeri tutan Pekin Kimya Texnologiyaları Universiteti ilə 2+2 şəklində ikili diplom proqramının həyata keçirilməsinə dair razılığın əldə edilməsini, həmçinin Pekin Politexnik Kolleci, Pekin Jıaotong və İnformasiya Texnologiyaları universitetlərində keçirilən görüşlərin nəticələrini müsbət qiymətləndirib. Çinin tanınmış şirkətləri ilə aparılan müzakirələri ayrıca vurğulayan rektor bütövlükdə qurulan əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Sonra tədbirdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül Pekində keçirilən görüşlər, əldə olunan razılaşmalar haqqında ümumi məlumat verib.

Ardınca BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizovun səfərlə bağlı geniş təqdimatı dinlənilib. Təqdimatda Pekin Kimya Texnologiyaları Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsinə dair razılaşmanın detalları, eləcə də Pekin Politexnik Kolleci, Pekin Jıaotong və İnformasiya Texnologiyaları universitetləri ilə əldə olunan razılaşmalar haqda dolğun informasiyalar nəzərə çatdırılıb. Bildirilib ki, adıçəkilən kollecdən BMU-ya tələbə göndərilməsi, habelə Pekin İnformasiya Texnologiyaları Universiteti ilə ikili diplom proqramına dair əməkdaşlıq məsələləri üzrə ilkin razılaşmalar əldə edilib. Bundan başqa, BEIFANG Avtomobil Təhsil Qrupu ilə keçirilən görüş, Qrupun BMU-da mərkəz (lab/hub) qura biləcəyi imkanı ilə bağlı aparılan müzakirələrdən bəhs olunub. Mühəndislik ixtisaslarında təhsil alanlar üçün master-klas və təlimlər verən BEIFANG ilə həm mərkəzin qurulması, həm də müəllimlərə təlimlərin verilməsi istiqamətində müsbət rəyə gəlindiyi vurğulanıb.

Təqdimat zamanı Çinin avtomobil sənayesinin aparıcı müəssisələrindən sayılan “BAlC”, eləcə də “XIMMERS” şirkətləri ilə əldə olunan razılaşmalar da qeyd edilib.

Sonda rektor Yaqub Piriyev gələcək əməkdaşlığın əsas istiqamətləri ilə bağlı tövsiyə və tapşırıqlarını verib. Tədbir növbəti addımların müzakirəsi, sual doğuran bir sıra məqamlara aydınlıq gətirilməsi ilə başa çatıb.

Xəbər lenti