ADA Universitetinin Gürcüstanda səfərdə olan nümayəndəsi Azərbaycandilli məktəblərdə görüşlər keçirib, universitetin təhsil proqramları ilə bağlı məlumat verib.
TƏHSİL.BİZ xəbər verir ki, görüşlər ADA Universitetinin Tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacızadə və SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə Bolnisi rayonunun Kəpənəkçi, Qardabani rayonunun Kosalı, Marneuli rayonunun Sadaxlı kənd 1 saylı, Saqareco rayonunun Yor-Muğanlı və Dmanisi rayonunun Yuxarı Qarabulaq kənd məktəblərində keçirilib.
Görüşlərdə universitetdə bakalavriat və magistratura üzrə təklif edilən ixtisaslar, təhsil və təqaüd imkanları barədə məlumat verilib. Qeyd edilib ki, hazırda ADA Universitetində Gürcüstandan 40-a yaxın tələbə magistratura üzrə təhsil alır. Növbəti tədris ilində də təhsil sahəsi üzrə iki magistratura ixtisasına müraciətə başlanılıb. Arzu edənlər “Təhsil üzrə menecment” və “Təlim və tədrisin təşkili və metodikası” ixtisasları üzrə təhsil ala bilərlər. Bu ixtisaslar əyani və distant formada tədris edilir. Tədris il ərzində 5 həftə ADA Universitetinin Qazax Mərkəzi/Qazax Müəllimlər Seminariyasında, 1 həftə Bakıda olmaqla əyani formada, qalan vaxtlar isə onlayn aparılır. Proqramın əsas üstünlüklərindən biri Gürcüstan azərbaycanlıları üçün əlavə Azərbaycan dili və ədəbiyyatı fənninin keçirilməsidir. Qəbul prosesi imtahansız sənədlərin elektron qaydada ADA Universitetinə təqdim edilməsi və müsahibədə iştirakla həyata keçirilir. Qəbul edilən tələbələr SOCAR tərəfindən təklif edilən təqaüd çərçivəsində tam şəkildə ödənişsiz təhsil alırlar.