"Şəki ensiklopediyası" elmi-ensiklopedik jurnalının ilk nömrəsi çapdan çıxıb.
Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.
Şəki ensiklopediyasına bu bölgənin tarix boyu xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətlərinin – dövlət, ictimai və siyasi xadimlərin, sərkərdələrin, xalq, müharibə və əmək qəhrəmanlarının, alim və mütəfəkkirlərin, şair, yazıçı, memar, rəssam, musiqiçi, aktyor və digər sənət adamlarının həyat və fəaliyyətindən, yaradıcılığından bəhs edən məqalələr daxil edilib. Jurnalda, həmçinin Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş digər tanınmış şəxslər, bu qədim diyara həsr olunmuş oçerklər haqqında da məlumatlar verilib.
Jurnalda AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinov, Radiasiya Problemləri İnstitutunun əməkdaşı biologiya elmləri namizədi Arif Səmədov, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Məmməd Adilov və digərləri haqqında məqalələr yer alıb.
Ensiklopediyanın redaksiya heyətində Şəki Regional Elmi Mərkəzinin (Şəki REM) baş direktoru fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü, Tarix və Etnologiya İnstitutunun şöbə müdiri professor Mais Əmrahov, Şəki REM-in əməkdaşları - professor Firədun İbrahimov, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov, biologoya üzrə fəlsəfə doktoru Coşqun Məmmədov, fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Sultanov, filologiya üzrə fəlsəfə doktoru dosent Ulduz Mürşüdova, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev təmsil olunurlar.
"Şəki ensiklopediyası" Azərbaycan mədəniyyətini, tarixini işıqlandıran, öyrənən kifayət qədər ciddi, nümunəvi, unikal, hətta aparıcı bir media resursudur.