Logo

“Education 4.0” platforması ilə bağlı tədqiqatlar aparılır

30.01.2025 18:31 68 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Education 4.0: müasir çağırışlar, təhsildə gedən proseslər, problemlər, perspektivlər” mövzusunda məruzə dinlənilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Məruzəni texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev təqdim edərək müasir dövrdə təhsilin həm cəmiyyətdəki, həm də sənayedəki dəyişikliklərə uyğun olaraq inkişaf etdiyini və təşkilatların gələcəkdə inkişafı üçün lazımi insan kapitalını təmin etdiyini bildirib.

Dördüncü Sənaye İnqilabının digər sektorlarda olduğu kimi, təhsil sahəsinə də öz təsirini göstərməkdə olduğunu qeyd edən məruzəçi “Sənaye 4.0”ın əvvəlki inqilablardan fərqli olaraq, innovasiya üçün insan kapitalı və intellektual resurslara üstünlük verdiyini diqqətə çatdırıb. O, “Education 4.0”ın Dördüncü Sənaye İnqilabı dövründə qlobal və rəqəmsal iş mühitində fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanmasına xidmət etdiyini vurğulayıb.

Məruzəçi, həmçinin distant tədrisin inkişaf tarixi, indikatorları, distant tədris üçün standartlar və spesifikasiyalar, elektron tədris sisteminin nəsilləri, bulud texnologiyaları və Big Data-nın elektron təhsildə tətbiqi, “Education 4.0” də tədrisin prinsipləri, “ağıllı” tədris prosesi, elektron tədris mühitinin konseptual modeli, eləcə də mətn məlumatının intellektual analizi üçün proqram vasitələri və s. haqqında məlumat verib. O, elektron təhsilin təhlükələri, elektron tədris prosesində yaranan risklərdən bəhs edib, eləcə də bu istiqamətdə keçirilən beynəlxalq konfransları diqqətə çatdırıb.

Daha sonra məruzəyə dair çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev təklif və tövsiyələrini səsləndirib. Akademik R.Əliquliyev “Education 4.0” platformasının əsas anlayışları, problemləri və dünyada mövcud olan yanaşmaların tədqiqinin əhəmiyyətini qeyd edib. Alim “Education 4.0” platformasında elektron təhsil mühitinin formalaşmasının elmi-nəzəri əsaslarının və texnoloji aspektlərinin dərindən araşdırılması və qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti