Logo

“Müəllimlər, psixoloqlar və digər təhsil işçiləri kiberzorakılıqla bağlı məlumatlı olmalıdırlar”

30.01.2025 16:03 51 baxış
IMG

"Müasir dövrdə internetin geniş yayılması və texnologiyanın gənclərin həyatında mərkəzi rol oynaması ilə kiberzorakılıq ən ciddi problemlərdən birinə çevrilib. Uşaqların internetdən istifadəsinin artması onların qarşılaşdıqları riskləri də artırır. Buna görə də məktəblərdə və ailələrdə bu məsələyə xüsusi diqqət yetirilməlidir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev “Dəyişiklik səndən başlayır!" ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsinin təqdimat mərasimində deyib.

O bildirib ki, müəllimlər, psixoloqlar və digər təhsil işçiləri, eyni zamanda, valideynlər texnologiyanın necə işlədiyi və kiberzorakılığın necə baş verdiyi barədə məlumatlı olmalıdırlar. Bu yalnız uşaqların təhlükəsizliyini təmin etmək üçün deyil, həm də onların bu cür hallara qarşı necə müdafiə olunacağını öyrətmək üçün vacibdir. Müasir təlimlərin və tədqiqatların tətbiqi, həmçinin valideynlərin bu mövzu ilə bağlı məlumatlandırılması bu mübarizənin uğurlu olmasında əsas rol oynayacaq:

“Bu istiqamətdə mütəxəssislərin və ailələrin məlumatlandırılması uşaqların internetdən təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılmasına kömək edəcək və kiberzorakılığın azaldılmasında mühüm rol oynayacaq. Bu həm də onların emosional və sosial inkişaflarına müsbət təsir edəcək”.

Anar Qədiməliyev əlavə edib ki, bu müsbət addımların atılması təhsil sistemindəki problemlərə qarşı effektiv həll yolları tapmağa istiqamətlənib və çox böyük əhəmiyyət daşıyır. Bullinq məsələsinin qarşısını almağa yönəlmiş tədbirlər və pilot məktəblərdə həyata keçirilən layihələr təhsil mühitində daha sağlam bir atmosfer yaratmağa kömək edəcək. Bu həmçinin məktəblərdəki psixoloji dəstəyi artırmaq və şagirdlərə daha yaxşı dəstək vermək məqsədini güdür.

Psixoloq sayı ilə bağlı əldə edilən irəliləyişlər barədə danışan müdir müavini xatırladıb ki, məktəblərdə psixoloqların sayının artırılması şagirdlərin ehtiyaclarına uyğun və daha fərdi yanaşma tətbiq etməyə imkan verir. Bu da bullinqin qarşısının alınması və şagirdlərin psixoloji dəstəklənməsi məsələlərində əhəmiyyətli rol oynayacaq.

Xəbər lenti