Logo

Ümumtəhsil müəssisələrindəki STEAM otaqlarına yeni avadanlıqlar verilib

19.02.2025 11:25 90 baxış
IMG

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq muxtar respublikanın ümumtəhsil müəssisələrində 50 yeni STEAM otağının yaradılması, 154 təhsil müəssisəsində isə mövcud olan STEAM otaqlarının avadanlıqlarla zənginləşdirilməsi nəzərdə tutulur.

Naxçıvan MR Təhsil Nazirliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, Dövlət Proqramının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tender yolu ilə alınan avadanlıqların təhsil müəssisələrinə təhvil verilməsinə başlanılıb. İlk olaraq 154 təhsil müəssisəsindəki STEAM otaqlarının zənginləşdirilməsi üçün arduino, arduino superkid, flament, 3D qələmlər, arduino nano, məsafə sensorları, optik sensorlar, günəş paneli, servo motor və digər avadanlıqlar təhsil müəssisələrinə təhvil verilib.

Ümumtəhsil müəssisələrinə yeni verilən bu avadanlıqlar təhsil müəssisələrində STEAM təhsili üzrə şagirdlərin əyani vasitələrdən istifadə edərək bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, yaxın günlərdə ümumtəhsil müəssisələrində 50 yeni STEAM otağının yaradılmasına da başlanılacaq.     

Məlumat üçün bildirək ki, ümumtəhsil müəssisələrində STEAM dərsləri cari tədris ilindən IV-IX sinif şagirdləri üçün tədris olunur.

 

 

 

 


 

Xəbər lenti