"Sabahın alimləri" XIV Respublika Layihə Müsabiqəsinin final mərhələsi 12-13-14 mart tarixlərində keçiriləcək.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Təhsil TV-yə açıqlamasında Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.
O bildirib ki, bu il müsabiqədə 664 layihə və həmin layihələri təqdim edən 1044 şagird iştirak edib.
"Artıq ekspertlər tərəfindən layihələrin qiymətləndirilməsi prosesi başa çatıb. Düşünürük ki, təxminən 140 layihə final mərhələsində iştirak edəcək.
Bildiyiniz kimi, layihə, əsasən, fizika, kimya, kompüter elmləri, biologiya, ekologiya və tibb istiqamətlərində həyata keçirilir. Ötən ildən fərqli olaraq bu il müsabiqəyə robototexnika və süni intellekt istiqamətləri də əlavə edilib".
Fuad Qarayev əlavə edib ki, hər il olduğu kimi bu il də ən yaxşı layihələr ABŞ-də keçirilən "İntel ISEF" layihə sərgisində iştirak edəcəklər:
"Keçən il şagirdlərimiz oradan bürünc medalla qayıtmışdılar. İnanırıq ki, bu il də uğurlu nəticəmiz olacaq".