Logo

Yeni Bolqarıstan Universitetinin professoru Ədəbiyyat Muzeyinin qonağı olub

24.02.2025 12:16 37 baxış
IMG

Bakıda səfərdə olan Yeni Bolqarıstan Universitetinin (Sofiya) müasir fəlsəfə və semiotika üzrə professoru Kristian Bankov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Bu barədə TƏHSİL.BİZ -ə Ədəbiyyat Muzeyindən bildirilib.

Muzeyin ekspozisiyası ilə yaxından tanış olan qonaq Azərbaycan ədəbiyyatı tarixinin müxtəlif dövrləri, mərhələləri, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında ətraflı məlumat əldə edib.

Xalqımızın zəngin köklərə sahib olduğunu söyləyən professor Kristian Bankov Ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlının təqdimatında klassik poeziyadan nümunələr dinləyib. Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli poeziyası ilə tanış olan Kristian Bankov Azərbaycan xalqının bədii-estetik fikrini formalaşdıran şairlərimizin yaradıcılığının xarici dillərdə də tərcümələrinin gözəl səslənməsinə öz münasibətini bildirib.

Qonaq düşüncələrini bölüşmək üçün muzeyin rəylər və təəssüratlar kitabına ürək sözlərini yazıb: “Bu tanışlıq Azərbaycan mədəniyyətinə heyrətamiz tarixi-ədəbi səyahət idi. Tanıdığım, intellektual marağa sahib olan hər kəsə bu muzeyi ziyarət etməyi məsləhət görəcəyəm”.

Professor Kristian Bankova muzeyin direktoru akademik Rafael Hüseynovun müəllifi olduğu “Sabirin saatı”, “Şirvan şairləri” kitabları və “Məhəmməd Füzuli”, “Söz məbədi” bukletləri hədiyyə edilib.

Qeyd edək ki, Cənub-Şərqi Avropa Semiotik Araşdırmalar Mərkəzinin rəhbəri, Sosiosemiotik laboratoriyanın direktoru Kristian Bankov bolqar, ingilis və italyan dillərində beş kitabın və çoxsaylı məqalələrin müəllifidir. O, müəllimlik fəaliyyəti dövründə Finlandiya, İtaliya, Böyük Britaniya, Yunanıstan və Estoniyada tədris, seminarların keçirilməsi və dəyirmi masaların təşkili kimi müxtəlif beynəlxalq akademik fəaliyyətlərdə iştirak edib. Həmçinin professor Kristian Bankov 1995-ci ildən hər il Bolqarıstanda keçirilən “Early Fall School of Semiotics”in (EFSS) baş təşkilatçısıdır.

Xəbər lenti