Logo

NDU-da SABAH qrupları üçün alınan yeni avadanlıqlar və dərsliklər təqdim olunub

24.02.2025 12:20 116 baxış
IMG

Naxçıvan Dövlət Universitetində "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində yaradılmış SABAH qruplarına dövlət vəsaiti hesabına alınmış informasiya texnologiyaları avadanlıqları və dərsliklərin təqdimatı keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən TƏHSİL.BİZ-in bölgə müxbirinə bildirilib ki, tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev Dövlət Proqramı çərçivəsində ölkədə ilk dəfə NDU-da Tibb ixtisası üzrə SABAH qrupları yaradılaraq 21 tələbə ilə fəaliyyətə başlanıldığını qeyd edib. SABAH qrupları ali təhsil sisteminə dünya təcrübəsini gətirərək, tələbələrin daha rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsinə imkan yaradır. Bu qruplarda təhsil alan tələbələr yüksək akademik göstəricilərlə yanaşı, geniş təcrübə imkanlarına da malik olurlar.

Rektor vurğulayıb ki, tədrisin yüksək səviyyədə təşkili məqsədilə Dövlət Proqramından ayrılan maliyyə vəsaiti hesabına baza tibb fənlərinin tədrisində istifadə olunacaq 173 adda 200-dən artıq kitab, 5 proyektor və 15 notbuk alınaraq tələbələrin istifadəsinə verilib. Həmçinin dövlət hesabına alınan avadanlıqların və resursların səmərəli istifadəsinin vacibliyini qeyd edib.

Tədris departamentinin direktoru Şahin Əliyev ali təhsil ocağında yeni məzmunlu SABAH qruplarının təşkili vəziyyəti və 2025-ci ildə görüləcək işlər barədə məlumat verib. Bildirib ki, tədris ilinin II yarısında bu qruplarda təqaüd proqramları genişləndiriləcək, tədrisin təşkilində müasir metodlar tətbiq olunacaq.

Tədbirdə Tibb fakültəsinin müəllimi Fariz Məmmədov, SABAH qruplarının II kurs tələbələri Şövkət Əlisoy, Tahir Əlizadə və tədrisi ingilis dilində Tibb ixtisasının II kurs tələbəsi Nəsibə Əzizova yaradılan şəraitə görə minnətdarlıq edib, tibbi biliklərini daha da təkmilləşdirmək üçün səylə çalışacaqlarını bildiriblər.

Sonda iştirakçılar yeni informasiya texnologiyaları avadanlıqları və dərsliklərlə tanış olublar.

Xəbər lenti