Logo

MDU-da Ulu Öndərə həsr olunan Respublika elmi konfransı işə başlayıb

02.05.2025 16:45 58 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Respublika elmi konfransı işə başlayıb.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransın plenar iclasında MDU-nun rektoru Anar Eminovun çıxışı dinlənilib. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Plenar iclasda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Heydər Əliyev: Müstəqilliyimizi dönməz və əbədi edən lider”, MDU-nun rektoru Anar Eminov “Azərbaycan təhsilinin himayədarı: Heydər Əliyev”, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov “Müasir Azərbaycan elminin inkişafında Heydər Əliyevin xidmətləri”, Milli Məclisin deputatı Aydın Mirzəzadə “Azərbaycanın suverenliyini bərpa edən Heydər Əliyev ideyaları və yeni əsrin lideri İlham Əliyev”, AMEA-nın müşaviri, akademik Adil Qəribov “Heydər Əliyev və Azərbaycanın enerji təhlükəsizliyi”, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “YAP-ın zəngin və şərəfli tarixi – Müstəqil Azərbaycanımızın inkişaf salnaməsidir”, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov “Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyası suveren dövlətimizin təməl sənədidir” mövzularında məruzələr təqdim olunub.

Konfrans bölmə iclasları ilə işini davam etdirib. Bölmə iclaslarında müxtəlif ali təhsil müəssisələrinin və elmi təşkilatların nümayəndələri Ulu Öndər Heydər Əliyevin irsini, dövlətçilik konsepsiyasını, təhsil və elm sahələrindəki strategiyasını əhatə edən məruzələrlə çıxış ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsinin, təbliğinin bugünkü və gələcək nəsillər üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Xəbər lenti