Logo

Texnologiya Universitetinin əməkdaşları beynəlxalq təlimi uğurla başa vurublar

23.10.2025 14:50 93 baxış
IMG

Azərbaycan (ATU) Avtomatika və informasiya texnologiyaları kafedrasının əməkdaşları İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə təşkil olunan “Cisco Networking Academy” və “IBM SkillsBuild” platformaları üzrə beynəlxalq təlimləri uğurla tamamlayıblar.

Universitetdən TƏHSİL.BİZ-in bölgə müxbirinə verilən məlumata görə, kafedranın 13 nəfər olmaqla bütün müəllim əməkdaşları “Kibertəhlükəsizlik” və “Süni intellektin əsasları” mövzularında keçirilən təlimlərdə iştirak edərək “Cisco” və “IBM”in beynəlxalq səviyyədə tanınan sertifikatı ilə təltif olunublar.

Proqram çərçivəsində iştirakçılar süni intellektin əsas konsepsiyaları - təbii dilin emalı (Natural Language Processing, NLP), kompüter görməsi (Computer Vision), maşın öyrənməsi (Machine Learning), dərin öyrənmə (Deep Learning), neyron şəbəkələr (Neural Networks) və çatbot texnologiyaları sahəsində nəzəri və praktiki biliklər əldə ediblər. Eyni zamanda, süni intellekt sistemlərinin etik aspektləri - ədalətlilik, şəffaflıq, məxfilik və izahlılıq (explainability) prinsipləri üzrə bacarıqlar formalaşdırılıb.

Təlimin sonunda iştirakçılar “IBM Watson Studio” mühitində maşın öyrənməsi layihələri qurmaq və süni intellekt tətbiqlərinin müxtəlif peşə sahələrində istifadəsini izah etmək kimi praktiki tapşırıqları uğurla yerinə yetiriblər.

 

Xəbər lenti