II hissə
Bir məsələni də nəzərə almaq lazımdır ki, təkcə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində ətraf mühit əleyhinə törədilmiş cinayətlər deyil, həm də Ermənistanın öz ərazisində olan “ekoloji böhran” da region dövlətləri, o cümlədən ölkəmiz üçün qarşısıalınmaz və nəticəsinin aradan qaldırılması qeyri-mümkün olan problemlərin yaranmasına gətirib çıxara bilər. Ermənistan ərazisində yerləşməklə Kür və Araz çaylarının ekoloji təhlükəsizliyinə ciddi ziyan vuran ən problemli məsələlərdən biri də Metsamor Atom Elektrik Stansiyasının radioaktiv zərərli tullantılarının birbaşa Araz çayına axıdılması hövzənin flora və faunasının məhvinə, təbii ekoloji tarazlıqda olan sistemlərin pozulmasına səbəb olmaqla insan sağlamlığına və ümumilikdə genofondumuza böyük zərbə vurur.
Avropa Şurası Parlament Assambleyasının 2016-cı il tarixli “Azərbaycan Respublikasının sərhəd rayonlarının sakinlərinin sudan qəsdən məhrum edilməsi haqqında” 2085 saylı Qətnaməsinin 8-ci bəndində Ermənistanın müvafiq davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərə uyğun gəlmədiyi birbaşa vurğulanmışdır. Həmçinin 4-cü bənddə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalının Azərbaycan Respublikasının Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problemlər yaratdığı öz əksini tapmışdır. Məhz bu məqsədlə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və bu ölkənin hakimiyyətinin su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırması tələb olunur.
Ermənistan-Azərbaycan münaqişəsi prosesində törədilən müharibə cinayətlərindən biri də qarşı tərəfin beynəlxalq hüquq normalarına zidd olaraq girovlar götürməsidir. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 fevral 2018-ci ilə olan rəsmi məlumatına görə, qeydiyyatdan keçən itkin düşmüş şəxslərin sayı 3875 nəfərdir ki, onlardan 3165 nəfəri hərbçi, 710 nəfəri isə mülki şəxsdir. İtkin düşmüş şəxslərdən 67 nəfərini uşaqlar (23 nəfər qız, 44 nəfər oğlan), 265 nəfərini qadınlar, 326 (o cümlədən 166 qadın) nəfərini isə qocalar təşkil edir. Bununla yanaşı, 871 nəfərin əsir-girov götürülməsi barədə məlumat mövcuddur ki, onlardan 602 nəfərini hərbçi, 269 nəfərini mülki şəxs təşkil edir. Həmin şəxslərin 29 nəfəri uşaqlar (7 nəfər qız, 22 nəfər oğlan), 98 nəfəri qadınlar, 113 nəfəri (o cümlədən 64 nəfər qadın) isə qocalardan ibarətdir. Eyni zamanda, həmin əsir və girovların çoxsaylı insan hüquqlarının kobudcasına pozulması, habelə onların meyitlərinin təhqir olunması ilə müşayiət olunan yüzlərlə faktların mövcudluğu da qeyd edilməlidir.
Ermənistanın Azərbaycan Respublikasına qarşı törətdiyi müharibə cinayətlərindən biri də dini, təhsil, incəsənət və elmi müəssisələrin, habelə tarixi abidələrin, incəsənət və elmi əsərlərin, bir sözlə mədəni mülkiyyətin ələ keçirilməsi, məhv edilməsi, yaxud onlara qəsdən zərər vurulmasıdır. Müharibə cinayətlərinin tərkib hissəsi kimi ölkəmizin mədəni mülkiyyətinə qarşı müvafiq qəsdlər iki kontekstdə – həm Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində, həm də Ermənistan ərazisində olan müvafiq müəssisə, abidə və əsərlərə münasibətdə törədilmişdir.
Azərbaycan Respublikasının üzləşdiyi müharibə cinayətləri sırasında Ermənistanın işğal etdiyi ərazilərə özünün mülki əhalisinin bir hissəsini köçürməsi xüsusi qeyd olunmalıdır. Ayrı-ayrı beynəlxalq qurumların apardığı müşahidələr və tərtib etdiyi hesabatlar məhz bu cinayətin sübutedici vasitəsi qismində çıxış edir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 2015-ci il məlumatlarına görə, Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə 8500, Laçına 13000, Kəlbəcərə 700, Zəngilana 520, Cəbrayıla 280 nəfər olmaqla cəmi 23000 nəfər şəxs qeyri-qanuni olaraq məskunlaşma üçün köçürülmüşdür.
Ermənistanın Azərbaycan Respublikasına qarşı törətdiyi beynəlxalq cinayətlərdən biri də hərbi zərurətlə əlaqədar olmayan əmlakın qanunsuz, lüzumsuz və genişmiqyaslı məhvi və mənimsənilməsidir. Belə ki, 1988-1993-cü illər ərzində Ermənistanın Azərbaycan Respublikası torpaqlarını işğal etməsi nəticəsində 900 yaşayış məntəqəsi, 6 minə yaxın kənd təsərrüfatı və sənaye obyekti, 150000 ev, 7000 ictimai birlik, 693 məktəb, 855 uşaq bağçası, 85 musiqi məktəbi, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 473 tarixi abidə, saray və muzey, 40000 muzey eskponatı, 2670 km. avtomobil yolu, 160 körpü, 2300 km. su kommunikasiyası, 2000 km. qaz kommunikasiyası, 15000 km. elektrik xətti, 280000 hektar meşə, 1 milyon hektar kənd təsərrüfatı üçün yararlı torpaq, 1200 km. irriqasiya sistemi və s. dağıdılmış və məhv edilmişdir. Ümumilikdə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasına dəymiş ziyan təxminən 800 milyard ABŞ dollarından çox (bu rəqəm Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası tərəfindən dəqiqləşdirilir) qiymətləndirilir.
Burada söhbət təkcə dövlət və ya ictimai mülkiyyətin dağıdılması və ya mənimsənilməsindən getmir, həm də xüsusi mülkiyyətin qorunması və qanuni mülkiyyətçinin (və ya mülkiyyətçilərin) müvafiq əmlakla bağlı bütün hüquqların istifadəsindən məhrum edilməsindən gedir. Çünki şəxsin məcburiyyət qarşısında yaşadığı ərazini tərk etməsi həm də onun mülkiyyət hüququnun pozuntusu hesab olunmalıdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərara (2015) əsasən, ərizəçilərin Laçın rayonundan məcburi köçürülməsi və iradələrindən asılı olmadan orada olmamasının, habelə onların məcburi köçməsindən uzun müddət keçməsinin həmin şəxslərin rayonla əlaqələrinin qırılması anlamına gələ bilməz. Bununla bağlı, Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “ərizəçilərin hamısı Laçın rayonunda anadan olmuşdur. 1992-ci ilin may ayında məcburi köçənədək onlar həyatın böyük hissəsini orada yaşamış və işləmişlər. Həmin rayonda onların, demək olar ki, hamısının nikahı bağlanmış və uşaqları anadan olmuşdur. Bundan əlavə, burada onlar yaşayış üçün qazanc əldə etmiş, onların əcdadları yaşamışlar. Həmçinin onlar yaşadığı evləri tikmiş, bu evlərə sahib olmuşlar. Buna görə də, aydındır ki, ərizəçilərin həmin rayonda kök salmış həyatı və evləri olmuşdur” (bənd 206).
Müasir dövrdə beynəlxalq cinayətlərin tərkib hissəsini təşkil edən, eləcə də Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı törədilən beynəlxalq ictimai-təhlükəli əməllərdən biri də insanlıq əleyhinə cinayətlərdir.
Ermənilərin və Ermənistanın azərbaycanlılara və Azərbaycan Respublikasına qarşı terrorçuluq hərəkətlərini isə üç aspektdən – beynəlxalq hüququn əsas, ümumtanınmış prinsiplərinin pozuntusu, törədilmiş beynəlxalq cinayətlərlə qarşılıqlı əlaqədə olan ictimai-təhlükəli əməl və sadəcə terrorçuluq kimi nəzərdən keçirmək olar. Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, miqyasına və nəticəsinə görə ermənilərin və Ermənistanın azərbaycanlılara və Azərbaycan Respublikasına qarşı törətdiyi terrorçuluq cinayətini “davamlı və sistematik terror kampaniyası” kimi xarakterizə etsək də, onu konkret bir mərhələ ilə əlaqələndirmək düzgün olmazdı. Digər tərəfdən, erməni terrorçuluğunun hədəfi qismində təkcə azərbaycanlılar və Azərbaycan dövləti olmamış, miqyasına görə qlobal və universal xarakter kəsb etmiş və etməkdədir. Şübhəsiz ki, ermənilər öz terror siyasətinin həyata keçirilməsi üçün müxtəlif təşkilati qruplardan istifadə etmişlər. Bütövlükdə isə erməni terrorunu bu və ya digər formada həyata keçirən çoxsaylı təşkilatlar – “Armenakan” partiyası, “Hnçak” partiyası, “Daşnaksütyun” – erməni federativ inqilab partiyası, “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA), “Geqaron”, “Erməni azadlıq hərəkatı” (AOD), “Erməni azadlıq cəbhəsi”, “Orli qrupu”, “Erməni soyqırımının ədalət komandosları”, “Erməni birliyi”, “Gənc ermənilər ittifaqı, “9 iyun qrupu”, “İsveçrə qrupu”, “Demokratik cəbhə”, “İntiharçılar eskadronu”, “Apostol” mövcud olmuşdur və hazırda da fəaliyyətlərini davam etdirməkdədirlər.
1994-cü ildən qüvvədə olan de-fakto atəşkəsə baxmayaraq, keçmiş müddət ərzində və hal-hazırda da nəinki işğal edilmiş ərazilərə bitişik Azərbaycan ərazilərində, o cümlədən Azərbaycan-Ermənistan sərhəddində də atəşkəs ciddi pozulmaqdadır. Belə ki, 12 iyul 2020-ci il tarixdə Ermənistan işğal etdiyi ərazilərdən aralı olan Azərbaycanın Tovuz rayonunun sərhəd boyu kəndlərinə ağır hərbi silahlar və canlı qüvvə ilə geniş miqyaslı hücum etdi. Bu hücum beynəlxalq sərhədlərin və Azərbaycanın dövlət suverenliyinin açıq şəkildə pozulması olması ilə bərabər Azərbaycan ordusunun general-mayorunun, 10-dan çox yüksək rütbəli hərbçi və əsgərlərin, nəhayət 1 mülki şəxsin ölümü ilə nəticələndi.
Ermənistan dövləti Azərbaycana və azərbaycanlılara qarşı nifrət hissləri üzrə siyasətini beynəlxalq cəmiyyətdə də açıq şəkildə təbliğ və tətbiq edir. Belə ki, 21 iyul 2020-ci il tarixdə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan çoxsaylı etnik ermənilərin daha az sayda yaşayan etnik azərbaycanlılara zorakı hücumu nəticəsində 20-yə yaxın etnik azərbaycanlının fiziki zorakılığa məruz qalması, o cümlədən yeddi etnik azərbaycanlının (bir qadın da daxil olmaqla) və bir polis məmurunun bədən xəsarətləri alması ilə nəticələndi, onlardan dördü tibbi müalicə aldı. Bir nəfər ikinci dərəcəli beyin silkələnməsi ilə evdə üç həftə qalmaq və müalicə almaq məcburiyyətində qaldı; gözü zədələnən başqa bir zərərçəkən sağalmaq üçün dörd gün müalicə almaqla evdə qalmalı oldu; 8-10 kişi tərəfindən döyülən bir qadın qurbanında baş ağrısı, bel ağrısı, ağır stres və depresiya var, nəticədə uzun müddətdir ki yuxusuzluqdan əziyyət çəkir və ciddi müalicə alır. 28 iyul 2020-ci il tarixdə isə Los Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulluğuna məktub ünvanlayaraq, 21 iyul 2020-ci il tarixdə etnik azərbaycanlılara qarşı baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib.
27 sentyabr 2020-ci il tarixdə isə Ermənistan ordusunun yenidən Azərbaycan ərazilərinə bütün istiqamətlərdə hücumlara keçməsi və əvvəlcədən yeni ərazilər tutmaq barədə hədələri artıq Azərbaycan dövlətini ciddi hərəkətə gətirdi. Əks hücumlarla Ermənistan ordusu geri otuzduruldu. Ermənistan tərəfdən atılan müxtəlif növ ağır hərbi silahlardan Azərbaycan tərəfdən 20-dən çox mülki şəxs həlak olmuşdur.
Göründüyü kimi, Ermənistan özünün işğalçılıq və hələ də davam edən beynəlxalq cinayətlər törətmək siyasətindən əl çəkmir, münaqişənin həlli ilə əlaqədar beynəlxalq təşkilatların qərarlarını yerinə yetirməkdən açıq-aşkar şəkildə imtina edir, Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq hüquqla tanınmış sərhədləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu tərəfindən irəli sürülən bütün təklifləri beynəlxalq-hüquqi baxımdan əsaslandırmadan bu və ya digər formada müxtəlif bəhanələrlə rədd edir. Bununla da dünya və region üçün çox ciddi təhlükə olan belə bir problem hələ də həll edilməmiş qalır. Bu zaman nəzərə alınmalıdır ki, Ermənistan tərəfindən güc tətbiq etməklə Azərbaycan Respublikası ərazilərinin işğalı, danışıqlar prosesinin süni şəkildə uzadılaraq işğal vəziyyətinin davamı, o cümlədən işğala məruz qalmış Azərbaycan Respublikasını öz əraziləri ilə bağlı güzəştə getməyə məcbur etmə beynəlxalq hüququn kobud və ciddi şəkildə pozulmasıdır.
Nəhayət, törədilən beynəlxalq cinayətlərə görə beynəlxalq-hüquqi məsuliyyət məsələlərinin həlli xüsusilə əhəmiyyətlidir. Bu zaman Azərbaycan Respublikasına, habelə etnik və milli qrup kimi azərbaycanlılara münasibətdə Ermənistanın törətdiyi beynəlxalq cinayətlərlə bağlı məsuliyyət məsələlərinin hüquqi həlli iki kontekstdə nəzərdən keçirilməlidir:
Birincisi, Ermənistanın məsuliyyəti məsələsi önə çəkilməlidir. Beynəlxalq hüququn jus cogens və adət normalarının pozulması, habelə beynəlxalq müqavilələrdə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi Ermənistanın bir dövlət kimi məsuliyyətini əsaslandıran əsas şərtdir.
İkincisi, beynəlxalq cinayətlərin törədilməsinə görə fərdi məsuliyyət prinsipinin tətbiqinə diqqət yetirilməlidr. Bu məqsədlə, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrində (822, 853, 874, 884 saylı) Ermənistanın Azərbaycan Respublikasının ərazilərinə hücumu və işğalı faktlarının regional sülh və təhlükəsizliyə təhdid kimi qiymətləndirilməsini nəzərə alaraq, BMT Nizamnaməsinin VII fəslinə uyğun olaraq, ad hoc Beynəlxalq Cinayət Tribunalının yaradılması zəruridir. Həmin ad hoc Beynəlxalq Cinayət Tribunalında Azərbaycan Respublikasına və Azərbaycan xalqına qarşı beynəlxalq cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin mühakimə olunması təmin edilməli, baş verən beynəlxalq cinayətlərin həm də insan hüquqlarının pozuntusu kimi qiymətləndirilməsi həyata keçirilməlidir.
Əmir Əliyev,
BDU-nun Hüquq fakültəsinin dekanı, professor