İyunun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və Coğrafiya fakültəsinin Ümumi coğrafiya kafedrasında görkəmli torpaqşünas alim, professor Şahalı Həsənovun 100 illik yubileyinə həsr olunmuş onlayn elmi-praktik seminar keçirilib. Professor Ş.Həsənov uzun müddət ADPU-nun Ümumi coğrafiya kafedrasının müdiri, Coğrafiya fakültəsinin dekanı vəzifələrində çalışıb.
Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Şahin Pənahov, ADPU-nun Ümumi coğrafiya, Azərbaycan coğrafiyası və CTT kafedralarının əməkdaşları, coğrafiya müəllimliyi ixtisasının 1903-1904B qrup tələbələri və alimin ailə üzvləri iştirak ediblər.
Kafedra müdiri, c.e.d., dos. Məhəmməd Abduyev professor Şahəli Həsənovun Azərbaycan coğrafiya elmində özünəməxsus yolu olan torpaqşünas alim kimi xidmətlərini vurğulayıb. Tələbələr əməkdar müəllim, coğrafiya elmləri doktoru, professor, Böyük Vətən müharibəsi veteranı Şahalı Həsənovun həyatı, elmi-pedaqoji fəaliyyəti ilə bağlı təqdimatla çıxış ediblər. Alimin həmkarları, dos. Şahin Pənahov, dos. Dadaş Ələsgərov, dos. Yavər Əliyev, dos. Nurəddin Uluxanlı, yetişdirdiyi tələbələrdən dos. Mətanət Əsgərova, b/m Aygün Kərimova öz xatirələrini danışmışlar. Sonda alimin qızı Şəmsiyyə Köçərli və oğlu Akif Həsənov tədbirə görə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, alimin 100 illik yubileyi ilə bağlı «Azərbaycan» qəzetinin 26 mart 2021-ci il tarixli sayında akademik Qərib Məmmədov və kafedranın dosenti Mətanət Əsgərovanın «Görkəmli torpaqşünas alim» adlı geniş məqaləsi çap olunub.