SAT imtahanı 2021-ci il iyunun 5-də Dövlət İmtahan Mərkəzinin (DİM) Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıdakı tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport;
2. Buraxılış vərəqəsi – “Admission Ticket”;
3. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə*.
* İmtahan iştirakçısı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edir və imzalı şəkildə gətirməlidir.
Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.
Koronavirusla əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaqdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
SAT imtahanları haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.