Logo

AMEA-nın Coğrafiya İnstitutunun direktoru vəfat edib

07.06.2021 10:19 611 baxış
IMG

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vəfat edib.

 

O bu gün səhər saatlarında 71 yaşında ürək tutmasından dünyasını dəyişib.

 

Qeyd edək ki, Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. O, elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlayıb.

 

Alim 1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının müdiri vəzifəsində çalışıb. 1985-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə Geologiya, 1989-cu ildə isə Coğrafiya İnstitutunda fəaliyyətini davam etdirib. 1991-ci ildə Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildə isə bu müəssisənin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. O, 2012-ci ildən AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru idi. 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildən isə AMEA-nın həqiqi üzvü idi.

 

Allah rəhmət eləsin!

Xəbər lenti