Logo

ADU informasiya cəbhəsində: Qarabağ həqiqətləri 20 dildə dünyaya çatdırılır

15.10.2020 16:18 529 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Rektoryanı şuranın tövsiyəsi ilə erməni təxribatları və terroru haqqında həqiqətlərin dünyaya çatdırılmasına xidmət edən qərargah yaradılıb. Universitetdə fəaliyyət göstərən mərkəzlərin, institutların, elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, eyni zamanda, tələbələr, magistrlər, doktorantlar və digər strukturların əməkdaşları müxtəlif dövlət başçılarına, beynəlxalq qurumlara, media orqanlarına, elm xadimlərinə işğalçı Ermənistanın hərbi təxribatları, dinc insanlara qarşı törətdiyi terror əməlləri barədə məktublar göndərirlər.

 

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, layihə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə həyata keçirilir. Məktublar universitetin 20-yə yaxın dil və mədəniyyət mərkəzinin, eləcə də xarici dilləri tədris edən müəllimlərinin adından Fransa prezidenti Emmanuel Makrona, İsveç kralı Karl XVI Qustava, Norveç kralı V Heralda, Danimarka Kraliçası II Marqaretə, BMT-nin Baş katibi Antonio Quterreşə, Almaniya Kansleri Angela Merkelə, İsrailin Azərbaycandakı səfiri Corc Dikə, ABŞ Dövlət Departamentinə, müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərinə, diplomatik korpusun təmsilçilərinə, universitetlərə, Fransanın "Le mond" və "Le Figaro" qəzetlərinə, Rusiyanın bütün nüfuzlu media orqanlarına, Beynəlxalq Frankofoniya Təşkilatına, İspan Konqresinə, Avstriya Xarici İşlər Nazirliyinə, İndoneziyanın Xarici İşlər nazirinə, Çinin Beynəlxalq Ölkələrlə Dostluq Cəmiyyətinə və s. ünvanlanıb.

 

Bu günədək göndərilən 300-ə yaxın məktub ingilis, rus, macar, İndoneziya, ivrit, serb, fransız, alman, ispan, italyan, yapon, Koreya, Norveç, İsveç, Danimarka, ərəb və s. dillərdə yazılıb. Qarabağ həqiqətlərinin informativ təbliğatı üçün tərtib olunan və məzmunca bir-birini təkrar etməyən məktubların göndərilməsi davam edir. Məktublara artıq cavablar gəlməkdədir.

 

Qarabağ həqiqətləri haqqında göndərilən məktublarda qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarını azad etmək, bölgədə sülhü və əmin-amanlığı bərpa etmək üçün öz ərazilərində hərbi əməliyyatlar aparır. İşğalçı Ermənistan silahlı birləşmələri bütün beynəlxalq qanunları pozaraq Azərbaycanın cəbhə bölgəsinə yaxın olan və həmin ərazilərdən uzaqda yerləşən şəhər və kəndlərə raket zərbələri endirir, mülki insanları qətlə yetirməklə öz terrorçu mahiyyətlərini bir daha dünyaya sübut etmiş olurlar.

 

Müəlliflər ümidvar olduqlarını bildirirlər ki, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşacaq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal və ədalətli mövqe göstərəcəklər.

Xəbər lenti