Logo

Respublika turnirinin növbəti zona yarışlarının qalibləri müəyyənləşib

08.06.2021 17:54 833 baxış
IMG

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan idman növləri üzrə növbəti yarışlar keçirilib.

 

Atletika idman növü üzrə Lənkəran Olimpiya İdman Kompleksində, voleybol idman növü üzrə Sərhədçi İdman Olimpiya Mərkəzində, basketbol idman növü üzrə İsmayıllı Olimpiya İdman Kompleksində, mini futbol idman növü üzrə Şəmkir Olimpiya İdman Kompleksində turnirin növbəti yarışları təşkil olunub.

 

Nəticələrə görə, atletika idman növü üzrə I yerə Masallı, II yerə Salyan, III yerə  Astara rayonun məktəbliləri, voleybol idman növü üzrə I yerə Xəzər rayonu, II yerə Xətai rayonu, III yerə Yasamal rayonunun məktəbliləri, basketbol idman növü üzrə I yerə Şəki şəhəri, II yerə İsmayıllı rayonu, III yerə Zaqatala rayonunun məktəbliləri, mini futbol idman növü üzrə I yerə Gəncə şəhəri, II yerə Yevlax şəhəri, III yerə Naftalan şəhərinin məktəbliləri layiq görülüb.

 

Turnirin əsasnaməsinə uyğun olaraq, zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.

 

Yarışların zona mərhələsinin qaliblərinə diplomlar təqdim edilib.

 

Olimpiya sistemi üzrə 6 zonada keçiriləcək turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edir.

 

Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında  keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edəcək.  

 

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd  şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

 

Turnir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.

Xəbər lenti