Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) dövrün tələblərinə və əmək bazarına uyğun mütəxəssis hazırlamaqla yanaşı, onların karyera qurmasında da maraqlıdır. Universitet rəhbərliyi məzunlarının tərəfdaşlıq etdiyi şirkətlərdə işlə təmin olunmasına hər cür kömək göstərir. Bu məqsədlə universitetdə Təcrübə və karyera şöbəsi də yaradılıb.
Şöbədən bildirilib ki, 2019/2020-ci tədris ilində universiteti bitirən 1523 məzunun bir qismi hazırda işləyir. Həmin məzunlardan 193-ü AzMİU-nun tərəfdaşlıq etdiyi çox nüfuzlu, ölkəmizin ən aparıcı müəssisələrində işlə təmin olunub. Məzunların bəziləri isə ölkə daxilində və ya xaricdə magistratura pillələrində təhsillərini davam etdirirlər. Məzunlar arasında çoxluq təşkil edən oğlanların bir qismi isə hərbi xidmətə yollanıb.