Logo

DQİDK sədri Mübariz Qurbanlının məqaləsi ABŞ-ın nüfuzlu xəbər saytında yayımlanıb

08.06.2021 19:00 388 baxış
IMG

ABŞ-ın xarici siyasət, təhlükəsizlik məsələləri və beynəlxalq münasibətlər istiqamətində fəaliyyət göstərən nüfuzlu xəbər saytı “The Washington Outsider”da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə Ermənistanın əsassız iddiaları" adlı məqaləsi yayımlanıb.

 

Sözügedən yazıda Komitə sədri qeyd edib ki, Azərbaycanın müxtəlif dinlərə və həmin dinlərə aid  abidələrə qarşı tolerant və bərabər yanaşmasına, beynəlxalq hüquq qarşısındakı öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, Ermənistan və onun havadarları yalan məlumatlar yayaraq ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirir. Növbəti bu cür böhtan xarakterli xəbər "Erməni kilsəsinin yoxa çıxması” adı altında 25 mart tarixində “BBC News”da paylaşılıb.

 

Ermənistan Xarici İşlər Nazirliyinin, eləcə də UNESCO üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən hər hansı “mədəniyyət cinayətinin” törədilməsi barədəki iddiaları qəbuledilməzdir. İddianın saxta olduğunu faktlarla sübuta yetirən müəllif diqqətə çatdırıb ki, sözügedən “ibadətgah” Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycanın suveren ərazisini işğal altında saxladığı dövrdə - beş il əvvəl azərbaycanlılara məxsus abidələrin dağıntıları üzərində qeyri-qanuni tikilib. Hətta o vaxt ATƏT-in Minsk Qrupunun həmsədrləri də Cəbrayıldakı “ibadətgah”ın hərbi birləşmənin bir hissəsi kimi erməni əsgərləri üçün inşa edildiyini bildirib və Azərbaycan buna dövlət səviyyəsində etiraz edib. Bu baxımdan heç bir vəchlə 5 il əvvəl işğalçı separatçılar tərəfindən şəxsi məqsədlər üçün qanunsuz inşa edilmiş bir tikili tarixi-mədəni abidə hesab oluna bilməz.

 

Məqalədə o da qeyd olunub ki, Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan, işğal olunmuş ərazilərin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi 30 ilə yaxındır ki, Ermənistanın həyata keçirdiyi vandalizmin, tarixi-dini abidələrə qarşı terrorun tam şəkildə üzə çıxmasına imkan yaradıb.  

 

Bildirilib ki, Azərbaycan tərəfindən müxtəlif ölkə və qurumların təmsilçilərinin həmin zonalara səfərlərinin təşkilinə, erməni faşizminin mahiyyətinin və törədilmiş hərbi cinayətlərin ifşa edilməsi istiqamətində beynəlxalq miqyasda aparılan işlərə əngəl olmaq məqsədilə erməni tərəfi “Mifik hidro” kimi tükənməyən dezinformasiyaları yaymaqla dünya ictimaiyyətinin diqqətini əsas məsələdən – işğal dövründə törətdiyi cinayət əməllərindən yayındırmağa çalışır. Bu baxımdan qarşı tərəfin “məbəd” ətrafındakı hay-küyü təsadüfi hesab edilə bilməz.

 

Müəllif onu da bildirib ki, bu gün dini tolerantlıq Azərbaycanda dövlət siyasəti kimi xarakterizə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, qazanılan uğurlar və ictimai-siyasi həyatda sabitlik din sahəsində də öz əksini tapır. Bütün dini konfessiyaların dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunması – tarixi-dini abidələrin təmir və yenidənqurulması istiqamətində dövlət başçısı tərəfindən hər il vəsait ayrılması, bütün ibadət yerləri üçün pulsuz təbii yanacaq tədarükü və digər tədbirlər milli, mənəvi, dini dəyərlərimizə göstərilən diqqət və qayğının bariz nümunələridir. Bakının mərkəzindəki Erməni Apostol Kilsəsi, həmçinin, dövlət tərəfindən qorunan abidələr sırasındadır. Məqalədə eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri  Mehriban Əliyevanın himayəsi altında xaricdəki dini abidələrə diqqət və qayğı göstərildiyi vurğulanıb.

 

Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

 

https://thewo.us/armenias-groundless

Xəbər lenti