Logo

İlham Əhmədov- 65: Uğurlu həyat yolu

09.06.2021 10:02 1203 baxış
IMG

İlham Əhmədov- 65

  Uğurlu həyat yolu

 

Pedaqoji elmin müasir problemlərinin yorulmaz tədqiqatçılarından olan- p.ü.f.d., dosent İlham Bəşir oğlu Əhmədovun bu yaxınlarda 65 yaşı tamam olur. İlham müəllim 40 ildir ki, ADPU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. ADPU-dakı 4 il tələbəliyini də buna əlavə etsək, onun həyatının 44 ili ADPU ilə bağlıdır. İlham Bəşir oğlu Əhmədov 1956-cı il iyunun 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası professor Bəşir Əhmədov respublikanın görkəmli pedaqoqu, pedaqogika elmi və azərbaycan dilinin tədrisi metodikası üzrə öz sözünü demiş tanınmış alim görkəmli şəxsiyyət olmuşdur. İlham Əhmədov, 1973- cü ildə Abşeron rayonu Xırdalan qəsəbə 2-saylı məktəbi, bitirdikdən sonra atasından fərqli ixtisas seçərək, 1973-cü ildə ADPU-nun riyaziyyat fakultəsinə daxil olmuş, 1977-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1978-ci tədris ilində Abşeron rayonu Xırdalan qəsəbəsi 2 saylı orta məktəbdə riyaziyyat müəllimi işləmişdir. 1978-1981-ci illərdə Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil İnstitutu) elmi işçi, 1981-ci ildə V.İ.Lenin adına APİ-də (indiki ADPU) “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1982-1983-cü illərdə hərbi xidmətdə olmuş, 1984-1986-cı illərdə aspiranturada təhsilin davam etdirmişdir. Aspirantura təhsilinin sonunda 1986-cı ildə Kiyev şəhərində namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-1993-ci illərdə ADPU gənc alimlər şurasının sədri olmuşdur. 1986- 1991- ci illərdə ADPU-da “Riyaziyyatın tədrisi metodikası” kafedrasında müəllim, baş müəllim, 1991-ci ildən dosent vəzifəsində çalışmışdır. 1998 –ci ildən 2007-ci illərdə isə ADPU-da

 

“Hesablama riyaziyyatı və İnformatika” kafedrasında dosent vəzifəsində çalışmışdır. 2005- ci ildə Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə Layihəsində “Distant təhsil” üzrə milli məsləhətçi, 2007-2017-ci illərdə ADPU “İKT, Monitorinq və Qiymətlənduirmə Mərkəzi”nin direktoru vəzifəsində çalışmış, 2017-cı ildən hal-hazıradək ADPU “Kompüter elmləri” kafedrasının dosentidir. 2008-2018-ci illər ADPU böyük elmi şurasının üzvü olmuşdur.

 

İlham Bəşir oğlu Əhmədov 2011-ci ildə elm və təhsil sahəsində səmərəli fəaliyyətə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Dəfələrlə ADPU-nun elmi şurasının və rektorunun təşəkkürnaməsi ilə təltif edilmişdir. Onun elmi-metodik fəaliyyətinə nəzər yetirdikdə görürük o, təhsilin informatlaşması, təhsil innovasiyalarının yaradılması və idarəedilməsi, ali təhsilin inkişaf problemlərinə dair, respublikada və xaricdə (Türkiyə və MDB-də) 120-dən artıq elmi-metodik məqalə dərc etdirmişdir. Türkiyə, Rusiya, Polşa, Ukrayna, Estoniya, Qazaxstan, Moldova, Gürcüstan və Özbəkstanda beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. 2010-2014- cü illərdə eyni vaxtda Anadolu Universiteti, RF “Müasir Humanitar Universiteti” və “Sinergiya” universitetlərinin Distant təhsil bölümlərinin Azərbaycan Proqramlarında elmi-məsləhətçi olmuş, 2011-ci ildə Təhsilin İnkişafı Beynəlxalq Fondun xətti ilə Qazaxstan Respublikası Pavlodar Dövlət Universitetində professor-müəllim heyəti və magistrlər üçün təhsilin müasir problemlərinə (“İnnovasion Universitetlər”, “Universitetin İnformatlaşması”, “Universitetlərin strateji idarəedilməsi” v.s.) dair silsilə mühazirələr oxumuş, YUNESCO-nun “Təhsildə İKT” İnstitutunun (Moskva ş.) Azərbaycandan olan milli eksperti olmuş (2011-2013), onların təşkil etdiyi beynəlxalq konfranslarda 5 dəfə (Moskva ş. və Sankt-Peterburq ş.) təhsilin informatlaşması məsələlərinə dair məruzə etmişdir. Respublika Təhsil Nazirliyinin təsis etdiyi “Azərbaycan məktəbi” jurnalının və ADPU-nun təsis etdiyi “Təhsildə İKT” jurnalının Redaksiya Şurasının üzvü,

 

2007-2008-ci illərdə pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, elmi katibi, 5 il ADPU elmi-metodik şurasının üzvü kimi ictimai işlərdə fəal iştirak etmişdir. 2016-cı ildən “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB-nin həmtəsisçisi və icraçı direktorudur. Son 10 ildə vətəndaş cəmiyyəti quruculuğu istiqamətində müxtəlif müxtəlif QHT-lərlə birgə 30-dan artıq sosial yönümlü layihələrində, həmçinin təhsil və İKT yönümlü, universitetdaxili layihələrdə menecer, məsləhətçi, ekspert v.s. qisimdə iştirak etmişdir. Bunlardan bəzilərini qeyd edə bilərik:

 

1. Təhsil Nazirliyi və Dünya Bankının “Fasiləsiz Müəllim Hazırlığı Konsepsiya və Strategiyası” layihəsinin “Müəllim hazırlığında Distant Təhsil” blokunun müəllifi (layihənin eksperti olaraq), 2005-ci il.

 

2. ADPU “VTS-Elektron imtahan sistemi” layihəsi-Layihə rəhbəri. Universitetdaxili layihə-2007-ci il.

 

3. “ADPU- universitet informasiya təhsil portalı”, Layihə rəhbəri. Universitetdaxili layihə-2008-ci il.

 

4. “ADPU- “Təhsildə İKT” elmi-metodik jurnalın yaradılması” layihəsi. (son 10 ildə jurnal sistematik nəşr edilir). – Layihə rəhbəri, jurnalın redaksiya heyətinin üzvü. Universitetdaxili layihə-2008-ci il.

 

5. “AMEA Elm-İnnovasiya Mərkəzi Portalının yaradılması”, layihə rəhbəri ( 2010-cu il).

 

6. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrantı hesabına reallaşan “Gənc Ailə Akademiyası” Portalı, layihə meneceri-2013-2014-cü ilər.

 

7. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrantı hesabına reallaşan “Gənc seçici” Portalı, layihə meneceri - 2015-ci il.

 

8. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrantı hesabına reallaşan “Gənclərin İT yönümlü peşələrə istiqamətləndirilməsi”- layihəsi, layihə rəhbəri, 2017-ci il.

 

9. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrantı hesabına reallaşan “Gənclərin İKT yönümlü aktual peşələrə istiqamətləndirilməsi tədbirləri” layihəsi, layihə rəhbəri-2018-ci il.

 

10. “Şəhid ailələrindən olan uşaqlar üçün Veb Dizayn kursu” layihəsi rəhbəri. NRYTN “Təlim-Tədris Mərkəzi” ilə birgə. layihə rəhbəri -2018-ci il.

 

İlham müəllim pedaqoji sahədə bir sıra aktual və perspektivli elmi problemlərin ilk tədqiqatçılarından biri olmuş, bu sahədə ölkədə ilk məqalələrin müəllifi olmuşadur. Belə ki, 1985-ci ildə təhsilin informatlaşmasına dair respublikada ilk məqalənisini İlham müəllim “Azərbaycan müəllimi” jurnalında dərc etdirmiş, sonralar bu sahədə onlarca innovativ məzmunlu məqalə yazmış və layihələr icra etmişdir. Distant təhsilə dair ilk məqaləsini 2001-ci ildə- Bakıda keçirilən Beynəlxalq konfransda məruzə etmiş və məqalə dərc etdirmişdir. Təəssüf ki, təhsil məmurları onun uzun müddət bu sahədəki innovasion çağırışlarına diqqətsiz qalmış, bu təkliflərə vaxtında reaksiya verilməmişdir, e olduğu kimi. Bu gün distant təhsillə əlaqəli yaranmış vəziyyət onun nə qədər haqlı olduğunu bir daha təsdiq etdi. İlham müəllim 2005-ci ildə “AR distant təhsilin yaradılması və inkişafı strategiyası” sənədini hazırlayıb Təhsil Nazirliyinə təqdim etmişdi, təəssüf ki, bu innovasion təhsil ideyası təhsil məmurları tərəfindən lazımıncz qiymətləndirilməmişdir.

 

Son 20 ildə İlham müəllim distant təhsil mövzusunda onlarla maarifləndirici məqalələr yazmış, TV-lərdə müsahibələr vermişdir. Təhsil eksperti kimi, onun pandemiya dövründə distant və rəqəmsal təhsil, ali məktəb problemlərinə həsr edilmiş 40-a yaxın analitik məqaləsi təhsil yönümlü müxtəlif saytlarda dərc edilmişdit. Bu mövzularda o, TV-lərə seriya müsahibələr vermişdir. Təhsildəki reallığı əks etdirən bu məqalələr daha çox tənqidi məzmunda olsa da, təhsilimizin inkişafı üçün burada xeyli orijinal ideya və təkliflər yer alır. Təhsilimizin problemlərinə dair onun yazdığı məqalələr zahirən TN-ə opponent kimi görünə bilər, amma bu fəaliyyət bir vətəndaş və alim kimi onun təhsilimizin real durumundan olan narahatlığından qaynaqlanır, daim mövcud problemlərin həll yolları verilir.

 

İlham müəllimin son vaxtlar “Virtual Turan Universiteti” ideyası ilə bağlı məqalə və çıxışları ölkəmizdə və T.C.-də böyük maraq doğurmuş, Türk İnternet TV kanalı ondan bu mövzuda geniş müsahibə almışdır. Onun “Azərbaycan və T.C. universitetlərinin İKT bazasında sıx əməkdaşlığı, şəbəkə əlaqələrinin yaradılması universitetlərimizin sürətli inkişafına təkan ola bilər” kimi tezisi bu yaxınlarda Bakıda səfərdə olan T.C. milli təhsil naziri Ziya Selcuqun ölkəmizdə baş tutan görüşlərində də qeyd edilmişdi.

 

İlham müəllimlə Bakıda və T.C.-də bir çox Beynəlxalq konfranslarda birgə iştirak etmişik. Bunlardan xüsusən ən çox yadımda qalanları 2008 və 2010-cu illərdə ADPU və Hacəttəpə Universitetlərinin Bakıda və Ankarada birgə təşkil etdikləri konfranslar idi. Bu konfranslarda İlham müəllimin məruzələri dinləyicilərin çox böyük marağına səbəb olmuşdu.

 

İlham müəllimin bu ay 65 yaşı tamam olur, onu bu münasibətlə təbrik edir, gələcək elmi fəaliyyətində müvəffəqiyyətlər, can sağlığı və uzun ömür arzu edirik. Bu münasibətlə onun ailə üzvləri və dostlarını da təbrik edir, çoxlu nəvə-nəticə görməyi arzu edirik.

 

65 yaşınız mübarək əziz dostum! Qarşınızda duran, hələ də həllini gözləyən problemlərin həllində Sizə uğurlar arzulayırıq!

 

İsa İsmayılov

 

ADPU-nun professoru, pedaqoji elmlər doktoru

Xəbər lenti