Türkiyənin milli təhsil naziri Ziya Selçuk “Report”un suallarını cavablandırıb.
Türkiyəli nazirin müsahibəsini təqdim edirik:
- Cənab nazir, Azərbaycan və Türkiyə arasındakı əlaqələrin hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri var. Biz bütün məsələlərdə olduğu kimi, 44 günlük Vətən müharibəsi zamanı da can Azərbaycanla bir yerdə olduq. Bütün dünyaya birlikdə olduğumuzu göstərdik. Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını Vətən müharibəsi vasitəsilə azad etdi. Hesab edirəm ki, Qarabağ Zəfəri təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının son dövrlərdə yaşadığı ən böyük sevincdir. Bizim əlaqələrimiz, münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Lazım olan bütün işləri qardaşlarımızla birlikdə həyata keçiririk.
- İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün hansı işlərin görülməsi nəzərdə tutulur?
- Mən Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə birlikdə gələcəkdə görüləcək işlərlə bağlı müzakirələr apardım. Fevral ayında bir saziş imzalamışıq. Bu saziş çərçivəsində peşə təhsilinin genişləndirilməsi, o cümlədən müəllimlərin hazırlanması, distant təhsillə bağlı məsələlərin həyata keçirilməsi qərara alınıb. Sazişdə qeyd edilən digər məsələlər də reallaşdırılacaq. Bizim gələcəkdə planlaşdırdığımız birgə layihələrimiz də var. Bunlar rəqəmsal bacarıqların artırılması, STEAM Mərkəzlərinin genişləndirilməsi, peşə məktəblərində sertifikatlaşdırılma işlərinin görülməsidir. Övladlarımızın beynəlxalq standartlar çərçivəsində təhsil alaraq dünyanın hər yerində tanınan diplomlar əldə etmələri istiqamətində də işlər aparılacaq. Eyni zamanda uşaqlarımızın qarşılıqlı olaraq Azərbaycanı və Türkiyəni ziyarət etmələri və buraların tarixi ilə bağlı daha məlumatlı olmaları istiqamətində işlər görülür.
- Gəcələcəkdə hər iki ölkənin müəllimlərinin bilik və bacarıqlarının artırılması ilə bağlı hansı işlər görülə bilər?
- Müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində birgə müzakirələr aparılır. Təcrübələrimizi paylaşmaq istiqamətində səylərimiz davam edir.
- Azərbaycan Prezidenti İlham Əliyev sizi mayın 27-də qəbul edərkən bildirdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilən bir hədiyyə kimi məktəbin təməlqoyma mərasiminin keçirilməsi proqramda əksini tapıb. Həmin məktəbin fəaliyyət istiqaməti müəyyənləşdirilibmi? Həmin məktəbdə tədris kimlər tərəfindən təşkil ediləcək?
- Şuşada inşa ediləcək məktəbdə nəyə ehtiyac olarsa hamısı qarşılanacaq. Bəzi dərslərin Türkiyədən gələn və ya Türkiyədə təhsil almış müəllimlər tərəfindən keçirilməsi nəzərdə tutulub. Bəzi dərslərin isə azərbaycanlı müəllimlər tərəfindən tədris olunması planlaşdırılır. Birlikdə bəzi layihələr həyata keçirmək və ortaq dərs keçmək arzusu da var.
Ziya Selçuk
- Azərbaycan və Türkiyənin ali təhsil müəssisələrinin diplomlarının qarşılıqlı olaraq tanınması ilə bağlı nə kimi çətinliklər var? Bu məsələnin həlli ilə bağlı hansı işlər görülür?
- Tədris ilinin müddəti baxımından iki ölkənin diplomlarının ekvivalenti ilə bağlı bəzi uyğunsuzluqlar var. Bu məsələ ilə bağlı müzakirələr aparılıb. Hesab edirəm ki, bu kimi məsələlər bizim bir-iki görüşlə dərhal həll edə biləcəyimiz məsələlərdir və bununla övladlarımıza yol açmaq iqtidarındayıq. Biz bunları böyük problemlər kimi deyil, danışıb həll edə biləcəyimiz məsələlər olaraq görürük. Onu da qeyd edim ki, diplomların ekvivalenti ilə bağlı bəzi razılaşmalar əldə etmişik.