Logo

ADPU-nun Elmi Şurasının iclası keçirilib

11.06.2021 10:54 577 baxış
IMG

İyunun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirilib. 


“Microsoft Teams” platforması üzərindən reallaşan iclası giriş sözü ilə açan Elmi Şuranın sədri, rektor, professor Cəfər Cəfərov iştirakçıları salamlayaraq ötən dövrdə görülmüş işlərdən söz açıb, son aydan universitet kollektivinin vəfat edən üzvlərinin xatirəsi yad edilib. Daha sonra prof. C.Cəfərov iclasın gündəliyini elan edərək səsə qoyub. Gündəliyin təsdiqindən sonra müvafiq məsələlər üzrə məruzələrə başlanılıb.


Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov tədrislə bağlı müxtəlif məsələrlər haqqında geniş çıxış edib. ADPU-da yay imtahan sessiyasının koronavirus pandemiyası ilə bağlı bu semestrdən tətbiq olunan onlayn-şifahi formatda keçirilməsinin ilkin statistik vəziyyəti haqqında məlumat verən prorektor qeyd edib ki, imtahan sessiyasının ilk həftəsi üzrə (01-04.06.2021) universitet üzrə Bakıda 244 qrup üzrə 5390 tələbədən 5268-i (97.7 %) imtahanda iştirak edib. 106 tələbə imtahana qoşula bilməyib və ya qoşulub tam prosesi tamamlaya bilməyib. 70 tələbə qeyri-müvəffəq qiymət alıb, onlardan  10 nəfəri apelyasiya verib.  İmtahanlar bu formada bu ayın sonunadək davam edəcək və proses İmtahan Qərargahı və Apelyasiya Komissiyası tərəfindən nəzarətdə saxlanacaq.  İmtahanlara qoşula bilməyən tələbələrə və bundan sonra belə hallar yaşayanlara ərizə əsasında müraciət edib sessiaysının sonunadək üzürlü səbəb əsasında ödəniş etmədən imtahan vermək şansı veriləcək. Cüt semestrlərdə fənnlərdən qeyri-müvəffəq qiymət alanlar və bu semestr imtahanlarda anoloji qiymət alanların ərizə ilə müraciət edib  kredit dəyərinin 25 %-ni ödəməklə 2 fənndən imtahan verməsinə şərait yaradılacaq. 


Tələbələrin qayıb limiti məsələsinə toxunan dos. E.Aslanov bildirib ki, semsestr boyu ADPU rəhbərliyinin ciddi dəstəyi və nəzarətinin nəticəsində əksər tələbələrimizin dərslərə müntəzəm qoşulması təmin edilmiş və tətbiq edilən 50 faizlik qayıb limiti həddi qorunması nəticədə Bakıdakı 10.096 bakalavriat tələbəsindən cəmi 141 nəfəri (1.3. faizi) dərslərə tam qoşula bilməmişdir.  Ümumilikdə 471 fənn üzrə tələbələrin qismən qayıb limitini aşması halları müşahidə olunmuşdur ki, mövcud çətinlikləri nəzərə alaraq bu tələbələrə müstəsna olaraq semestr imtahanlarında iştirak etməyə icazə verilməsinə qərar verilmişdir.


Bildirilib ki, Nazırlər Kabinetinin ali təhsil müəssisələrinin təkliflərini nəzərə alaraq iyun ayının 5-də verdiyi qərara müvafiq olaraq bakalavrların yekun dövlət attestasiyası ÜOMG əsasında həyata keçiriləcək. Bununla belə, tələbələrin ərizə ilə müraciəti əsasında dövlət imtahanı vermək hüququ da saxlanılır. 


ADPU üzrə buraxılış işini yerinə yetirmiş 194 nəfər sonuncu kurs tələbəsinin onlayn müdafiələrinin 21-30 iyun 2021-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur. Həmçinin qərara müvafiq olaraq tələbələrin buraxılış işi müdafiəsindən imtina etmək hüququ var. Digər tərəfdən “Müsiqi müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi” və “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” kimi xüsusi qabiliyyət tələb edən ixtisaslardan tələbələrin bir hissəsi diplom işinin müdafiəsi, digərləri isə ÜOMG ilə deyil, yekun dövlət attestasiyasında iştirak edib müəyyən edilmiş ixtisas fənnlərindən onlayn şifahı imtahan verməklə məzun olacaqlar.


2021/2022-ci tədris ilinin qəbul planı haqqında məlumat verən natiq ADPU-nun bakalaviratura və magistratura təhsil səviyyələri üzrə yeni tədris ilinin qəbul planının təsdiq edildiyini bildirib. Qeyd olunub ki, bu ilk dəfə ADPU-nun Şamaxı filialında Fizika müəllimliyi və Təhsildə sosial-psixoloji xidmət, Ağcabədi filialında Fizika müəllimliyi, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi və Xarici dil müəllimliyi (İngilis dili)), Quba filialında Coğrafiya müəllimliyi, Tarix müəllimliyi və Riyaziyyat müəllimliyi ixtisasları açılıb və paralel olaraq qəbul planının sayı artırılıb. Əlamətdar hadisədir ki, bu il həm də ADPU-ya ilk dəfə bakalavriatura təhsili səviyyəsi üzrə İbtidai sinif müəllimliyi və Riyaziyyat müəllimliyi ixtisasları üzrə hər biri 15 nəfər olmaqla ingilis bölməsi üzrə qəbul nəzərdə tutulub. 


Magistratura səviyyəsində qəbul planı 361-dən 372-yə artırılmış, planda bir çox yeniliklər edilmişdir. Bu il də ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ADPU-nun birgə beynəlxalq proqramı üzrə  Menecment (təhsilin təşkili və idarə olunması) ixtisası üzrə 25 yer (İngilis bölməsi), o cümlədən ilk dəfə olaraq  Pedaqogika ixtisasının Təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması üzrə SABAH magistartura proqramı olmaqla 50 nəfər dövlət sifarişi yeri və Biznesin təşkili və idarəolunması (təhsil sahəsi üzrə) ixtisası üzrə 50 yer təsdiq edilmişdir. 


Bakalavriatura və magistratura təhsil səviyyəsi üzrə bütün ixtisaslarda  təhsil haqqı 2000 manat, Biznesin təşkili və idarəolunması (təhsil sahəsi üzrə) magistr ixtisası üzrə 2500 manat təsdiq olunub. 


Artıq bakalaviratura təhsil səviyyəsi üzrə 2020-ci ildə təsdiq edilmiş təhsil proqramlarına uyğun olaraq ADPU-nun tədris planları hazırlanmış və təsdiq olunmuşdur. Bu ildən bütün ixtisaslara inkulizv təhsil, dəqiq və təbiət elmlərindən olan ixtisaslarda isə STEM fənni daxil edilmişdir. 


Cari məsələlər üzrə çıxış edən elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov 8 nəfər iddiaçıya dosent elmi adının verilməsi üzrə gizli səsvermənin keçiriləcəyini diqqətə çatdıraraq səsvermənin universitetin əsas tədris binasında əyani qaydada sanitar-gigienik tələblər gözlənilməklə keçiriləcəyini bildirib. 


Daha sonra Elmi Şura fasiləyə çıxıb və şura üzvləri səsvermədə iştirak edib. Fasilədən sonra hesablayıcı komisiyyanın hesabatı dinlənilib və gizli səsvermənin nəticələri Şura tərəfindən təsdiq edilib. Bütün iddiaçılara dosent elmi adının verilməsi ilə bağlı qərar verilib.

Xəbər lenti