Logo

Xalqımızın inamını qırmağa nail olmayacaqlar!

18.10.2020 16:03 549 baxış
IMG

Dünən gecə saatlarında atəşkəsi kobudcasına pozmaqda davam edən kriminal, terrorçu Ermənistan döyüş bölgəsindən tamamilə uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib. Mülki şəxslərin qətlə yetirilməsi, yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Ermənistanın insanlığa sığmayan vəhşi hərəkətlərini davamlı olaraq Qaradağlıda, Ballıqayada, Xocalıda əyani şəkildə görmüşük. Hazırda döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan dinc əhalini atəşə tutmaqla xalqımızın inamını, mübarizə əzmini qırmağa can atırlar, lakin buna nail olmayacaqlar!

 

Bu sözləri AzərTac-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova söyləyib.

 

H.Hüseynova bildirib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən buna layiqli qiymət verilməlidir.

 

Terrorçu Ermənistanın Gəncəni növbəti dəfə raket atəşinə tutması nəticəsində sözlə ifadə olunmayacaq fəlakətin baş verdiyini bildirən komitə sədri deyib ki, bu dəhşətli hadisə nəticəsində həlak olanlar arasında günahsız, məsum uşaqlar da var. Məsələn, 15 yaşlı Nigar Əsgərovanın bu gün ad günü olacaqdı. Bəlkə də gələcəyin görkəmli həkimi, müəllimi, mühəndisi, hüquqşünası olacaqdı. Ancaq onun ömrü kimi, bütün arzuları da yarımçıq qaldı. Erməni vəhşiliyinin qurbanlarından biri də cəsədi dağıntılar altından çıxarılan 1 yaşlı Mədinədir. Onun valideynləri də həlak olub. Bu ailədən sağ qalan yeganə nümayəndə hazırda xəstəxanada müalicə alan 3 yaşlı Xədicədir.

 

Düşmən təcavüzü nəticəsində artıq 4 məktəbli həlak olub. Qeyd edək ki, Ermənistan dövlət terroru nəticəsində bu hadisədə 13 dinc sakin həlak olub. Onların 4-ü qadın, 3-ü azyaşlıdır. Ermənilərin raket atəşi nəticəsində 50-dən çox dinc sakin yaralanıb, 2 uşaq hələ də itkindir.

 

“Əfsuslar olsun ki, bu günə qədər Ermənistanın Azərbaycana qarşı bu vandalizm hərəkətləri beynəlxalq hüquq çərçivəsində layiqli qiymətini almayıb”, - deyən Hicran Hüseynova bildirib ki, bu ikili standartlar nəticəsində Ermənistan bugünkü cinayətlərini törətməkdə davam edir.

 

“Düşmən şəhər və kəndlərimizi atəşə tutmaqla, müharibənin gedişatını dəyişmək, onu daha da genişləndirmək istəyir. Ermənistanın baş nazirinin taktikası çox sadədir: o, ölkəmizin hətta təmas xəttindən uzaqda yerləşən rayon və şəhərlərinə, kəndlərə raket zərbələri endirməklə, dinc əhalini hədəfə almaqla Azərbaycanın Ermənistandakı hərbi hədəflərə cavab zərbəsi vurmasını gözləyir. Bununla da üçüncü ölkələri münaqişəyə cəlb etmək istəyir. Digər dövlətlər Ermənistanın daxil olduğu təşkilatda üzvlük məsələsinə yenidən baxmalıdırlar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı terrorçu, heç bir hüquqa məhəl qoymayan, məsuliyyət daşımayan Ermənistanın bu qurumda təmsilçiliyini yenidən nəzərdən keçirməlidir. Xislətində riyakarlıq, terrorçuluq, dağıdıcılıq kimi mənfi elementlər olan bu ölkə təkcə Azərbaycan deyil, həm də digər ölkələr üçün hər zaman təhlükəli ola bilər”, - deyə H.Hüseynova diqqətə çatdırıb.

 

O bildirib ki, Prezident İlham Əliyevin xalqa müraciəti hər bir azərbaycanlıda qürur hissi yaşatdı.

 

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri

Xəbər lenti