Bu il cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illiyi qeyd olunur. Sərəncamın tələbinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədbirlər planı təsdiq edilib. Həmçinin fəaliyyətinin 30 illiyini qeyd edən ADPU-nun Şamaxı Filialının yubiley tədbirlərinin keçirilməsi ilə bağlı ADPU-nun rektoru, professsor Cəfər Cəfərov tərəfindən əmr verilib, tədbirlər planı təsdiq olunub. Qeyd olunan sənədlərə əsasən tədbirlər keçirilməkdə davam edir. Belə tədbirlərdən biri də Şamaxı rayon, A. Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbində filialla birgə keçirilən görüşdür.
İlk olaraq Heydər Əliyev Fondu tərəfindən yenicə tikilərək cari tədris ilində istifadəyə verilən məktəblə tanışlıq olub. Məktəbin akt zalında pandemiya qaydalarına riayət olunmaqla keçirilən tədbirdə salamlama nitqi ilə məktəbinin direktoru, ADPU-nun məzunu Rəsul Rzai çıxış edərək ADPU-nun 100 illik və onun cəmiyyətdə müsbət imicə malik olan Şamaxı filialının 30 illik yubileyini təbrik edərək qeyd edib ki, dövlət səviyyəsində müəllimə göstərilən qayğı bü gün ADPU-nun təhsil sferasındakı əhəmiyyətini bir daha artırır.
Filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək cənab Prezidentin ADPU-nun 100 illik yubileyinin qeyd olunması barədə Sərəncamından irəli gələn tədbirlərdə universitetin filiallarının da iştirak etdiyini bildirib. O da vurğulandı ki, təhsilə, müəllim əməyinə böyük önəm verən Ulu Öndər Heydər Əliyev elm və təhsil məbədi olan Pedaqoji Universitetin professor-müəllim və tələbə kollektivi ilə görüşlərin birində demişdir: “Azərbaycan Pedaqoji İnstitutu böyük və çətin yol keçib. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksək ixtisaslı kadrlar ocağına çevrilmişdir.”
T.Yusifova eyni zamanda filialda yüksək ixtisaslı kadrların hazırlanması üçün filialda yaradılmış şəraitdən danışaraq növbəti tədbirin Şəhriyar qəsəbə tam orta məktəbində keçirildiyi üçün məktəbin bütün kollektivinə təşəkkürünü bildirib.
Sonra ADPU-nun Şamaxı Filialının Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov, Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova ADPU və onun Şamaxı filialının tarixi inkişafı və kadr hazırlığı prosesində bu gün həyata keçirilən mühüm strateji addımlardan bəhs ediblər.
ADPU-nun Şamaxı Filialının məzunları - A.Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Şəlalə Sərxanova, tərbiyə işləri üzrə direktor müavini Pərvanə Əhmədova, Riyaziyyat müəllimi Gülnar Məmmədova yüksək ixtisaslı müəllim olmaq üçün filialda aldıqları təhsilin rolundan, tələbəlik illərinin şirin xatirələrindən danışdılar.
Sonda məktəblilərin hazırladıqları bədii hissə tədbirə xüsusi rəng qatıb.