Logo

İlham Əhmədov- 65 - Təhsil innovasiyalarının yorulmaz tədqiqatçısı

15.06.2021 10:12 594 baxış
IMG

Pedaqoji elmin müasir problemlərinin yorulmaz tədqiqatçılarından olan- p.ü.f.d., dosent İlham Bəşir oğlu Əhmədovun bu yaxınlarda 65 yaşı tamam olur. İlham müəllim 40 ildir ki, ADPU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. ADPU-dakı 4 illik tələbəliyini də əlavə etsək, onun həyatının 44 ili ADPU ilə bağlıdır.

 

İlham Bəşir oğlu Əhmədov 1956-cı il iyunun 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası professor Bəşir Əhmədov respublikanın görkəmli pedaqoqu, pedaqogika və azərbaycan dilinin tədrisi metodikası üzrə tanınmış alim olmuşdur.

 

İlham Əhmədov, 1973- cü ildə Abşeron rayonu Xırdalan qəsəbə 2-saylı məktəbi bitirmişdir. Həmən dövrlərdə SSRİ-nin tanınmış universitetlərinin nəznində yuxarı sinif şagirdləri üçün dərinləşdirilmiş proqramlarla tədris aparan qiyabi riyaziyyat, qiyabi fizika kimi məktəblər fəaliyyət göstərirdi. İlham müəllim 9-10-cu siniflərdə oxuyarkən paralel olaraq M. Lomonosov adına MDU-nin nəznində qiyabi riyaziyyat məktəbində keys texnologiyası əsasında distant təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra, 1973-cü ildə V.İ.Lenin adına APİ (indiki ADPU) riyaziyyat fakultəsinə daxil olmuş, 1977-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1978-ci tədris ilində Abşeron rayonu Xırdalan qəsəbə 2 saylı orta məktəbdə riyaziyyat müəllimi işləmişdir.

 

1978-1981-ci illərdə Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil İnstitutu) elmi işçi, 1981-ci ildə V.İ.Lenin adına APİ-də “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1982-1983-cü illərdə hərbi xidmətdə olmuş, 1984-1986-cı illərdə aspiranturada təhsilin davam etdirmişdir. Aspirantura təhsilinin sonunda 1986-cı ildə Kiyev şəhərində “Riyaziyyatın problemli-proqramlaşdırılmış təlimi (“Cəbr və analizin başlanğıcı” kursu əsasında) adlı namizədlik dissertasiyası müdafiə etmişdir.

 

İlham m. 1988-1993-ci illərdə ADPU gənc alimlər şurasının sədri olmuşdur. 1986- 1991- ci illərdə ADPU-da “Riyaziyyatın tədrisi metodikası” kafedrasında müəllim, baş müəllim, 1991-ci ildən dosent vəzifəsində çalışmışdır. 1998 –ci ildən 2007-ci illərdə isə ADPU-da “Hesablama riyaziyyatı və İnformatika” kafedrasında dosent vəzifəsində çalışmışdır.

 

2005- ci ildə Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə Layihəsində “Distant təhsil” üzrə milli məsləhətçi, 2007-2017-ci illərdə ADPU “İKT, Monitorinq və Qiymətlənduirmə Mərkəzi”nin direktoru vəzifəsində çalışmış, 2017-cı ildən hal-hazıradək ADPU “Kompüter elmləri” kafedrasının dosentidir. 2008-2018-ci illərdə ADPU böyük elmi şurasının üzvü olmuşdur.

 

İlham müəllim 2011-ci ildə elm və təhsil sahəsində səmərəli fəaliyyəintə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Dəfələrlə ADPU rektorunun əmri ilə təşəkkürnamə və mükafatla təltif edilmişdir. Onun elmi-metodik əsasən fəaliyyəti təhsilin informatlaşması, təhsil innovasiyalarının yaradılması və idarəedilməsi, ali təhsilin inkişaf problemlərinə dairdir. Respublikada və xaricdə (Türkiyə və MDB-də) 120-dən artıq elmi-metodik məqaləsi dərc edilmişdir. Türkiyə, Rusiya, Polşa, Ukrayna, Estoniya, Qazaxstan, Moldova, Gürcüstan və Özbəkstanda beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. 2010-2017- cü illərdə müxtəlif vaxtda TC Anadolu Universiteti, RF “Müasir Humanitar Akademiya” və “Sinergiya” universitetlərinin Distant təhsil bölümünün Azərbaycan Proqramlarında elmi məsləhətçi olmuşdur.

 

2011-ci ildə Təhsilin İnkişafı Beynəlxalq Fondun xətti ilə Qazaxstan Respublikası Pavlodar Dövlət Universitetində professor-müəllim heyəti və magistrlər üçün təhsilin müasir problemlərinə (“İnnovasion Universitetlər”, “Universitetin İnformatlaşması”, Smart təhsil”, “Universitetlərin strateji idarəedilməsi” v.s.) dair silsilə mühazirələr oxumuşdur. YUNESCO-nun “Təhsildə İKT” İnstitutunun (Moskva ş.) Azərbaycandan olan milli eksperti kimi (2011-2013), onların təşkil etdiyi beynəlxalq konfranslarda 5 dəfə (Moskva ş. və Sankt-Peterburq ş.) təhsilin informatlaşması məsələlərinə dair məruzələr etmişdir.

 

Respublika TN-nin təsis etdiyi “Azərbaycan məktəbi” jurnalı və ADPU-nun təsis etdiyi “Təhsildə İKT” jurnalının Redaksiya Şurasının üzvü, 2007-2008-ci illərdə pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, şuranın elmi katibi, 5 il ADPU elmi-metodik şurasının üzvü kimi ictimai işlərdə fəal iştirak etmişdir.

 

Hal hazırda İlham müəllimin elmi rəhbərliyi ilə 5 nəfər doktorant təhsilin informatlaşması sahəsində dissertasiya üzərində işləyirlər.

 

O, 2016-cı ildən “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB-nin həmtəsisçisi və icraçı direktorudur.

 

Yadımdadır, 1992-ci ildə qəbul imtahanlarında yenilik oldu, imtahanların test üsulu ilə aparılması qərara alındı. Pedaqoji ictimaiyyət, şagird və valideynlər üçün bu yenilik gözlənilməz oldu, sanki, bir çaşqınlıq yaranmışdır, çox az adam o vaxt ölkədə test sistemi haqqında məlumata malik idi. Həmən ərəfədə İlham

 

müəllimin rəhbərliyi ilə ADPU-da “Abituriyentlər üçün elekron test sinaq imtahanları sistemi” layihəsi çox az müddətdə hazırlandı və reallaşdırıldı. Cəmi 20 gün sonra artıq yüzlərlə abituriyent ADPU-da kompüter vasitəsi ilə test sınaq imtahanı verərək, test nümunələri ilə tanış olur, bilyini yoxlayır, test imtahanı ilə əlaqəli mövcud psixiloji gərginliyi qismən aradan qaldıra bilirdilər. Bu məqsədlə İlham müəllimin təşəbbüsu ilə ADPU-da “Ziya-İ” elm-istehsalat kiçik müəssisəsi təsis edildi, ADPU rektorunun əmri ilə İlham müəllim universitetin dosentliyi ilə parallel həm bu firmanın direktoru təyin edildi. Bu firma 10 ildən artıq müddətdə təhsil sektoru üçün səmərəli fəaliyyət göstərdi, bir sıra təhsil innovasiyalarının ölkəmizə transfer edilməsinə nail oldu (bu sahədəki fəaliyyət başqa bir yazının mövzusudur). Həmən vaxt NK universitetlərdə elm-təhsil yönümlü kiçik müəssisə və firmaların yaradılması barədə qərar qəbul etmişdi, universitetlərdə iqtisadiyyat üzrə prorektor vəzifələri təsis edilmişdir. “Ziya-İ” universitetlərimizdə yaradılan ilk firmalardan olub, ən uzunömrlüsü və faydalısı oldu. Təəssüf ki, o vaxtlar universitetlərimizdə başlanan bu lazımlı iş, sonralar dayandırıldı. Amma elmtutumlu bu innovasion firmaların universitetlərdə fəaliyyəti müasir startapların, elmi nəticələrin kommersiyalaşdırılmasının poliqonu ola bilərdi, universitetlərə pul qazanmağa əlavə imkan verərdi.

 

Son 10 ildə vətəndaş cəmiyyəti quruculuğu istiqamətində müxtəlif QHT-lərlə birgə 30-dan artıq sosial, təhsil və İKT yönümlü, o cümlədən ADPU-nun universitetdaxili layihələrində layihə rəhbəri, menecer, məsləhətçi, ekspert v.s. qisimdə iştirak etmişdir. Bunlardan bəzilərini qeyd edə bilərik:

 

1. “Abituriyentlər üçün elekron test sinaq imtahan sistemi” layihəsi-1992-ci il. ADPU universitetdaxili layihə-Layihə rəhbəri.

 

2. “Abituriyentlərin peşəyönümü üzrə elektron test psixodioqnostik sisteminin yaradılması”-1992-ci il, ADPU universitetdaxili layihə-Layihə rəhbəri.

 

3. “TUSİ-PROFİ elekrton peşəseçmə və peşə məsləhəti sistemi”-ƏƏSMN və BMT İnkişaf proqramı ilə birgə layihəsi. Layihə meneceri. 2003-cü il.

 

4. Təhsil Nazirliyi və Dünya Bankının “Fasiləsiz Müəllim Hazırlığı Konsepsiya və Strategiyası” layihəsinin “Müəllim hazırlığında Distant Təhsil” blokunun müəllifi (layihənin eksperti olaraq), 2005-ci il.

 

5. ADPU “VTS-Elektron imtahan sistemi” layihəsi-Layihə rəhbəri. Universitetdaxili layihə-2007-ci il.

 

6. “ADPU-universitetin informasiya təhsil portalı”, Layihə rəhbəri. Universitetdaxili layihə-2008-ci il.

 

7. “ADPU- “Təhsildə İKT” elmi-metodik jurnalının yaradılması” layihəsi. (son 10 ildə jurnal sistematik nəşr edilir). – Layihə rəhbəri, jurnalın redaksiya heyətinin üzvü. Universitetdaxili layihə-2008-ci il.

 

8. “AMEA Elm-İnnovasiya Mərkəzi Portalının yaradılması”, layihə rəhbəri ( 2010-cu il).

 

9. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrantı hesabına reallaşan “Gənc Ailə Akademiyası” Portalı, layihə meneceri-2013-2014-cü ilər.

 

10. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrantı hesabına reallaşan “Gənc seçici” Portalı, layihə meneceri - 2015-ci il.

 

11. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrantı hesabına reallaşan “Gənclərin İT yönümlü peşələrə istiqamətləndirilməsi”- layihəsi, layihə rəhbəri, 2017-ci il. v.s. layihələr.

 

İlham müəllim pedaqoji sahədə bir sıra aktual və perspektivli elmi problemlərin ilk tədqiqatçılarından olmuş, bu istiqamətdə ölkədə ilk məqalələrin müəllifi, yeni ideyaların, novatorluğun, təhsil innovasiyalarının tədqiqatçısı və təbliğatçısı olmuşdur. Belə ki, təhsilin informatlaşmasına dair respublikada ilk məqaləni 1985-ci ildə İlham müəllim yazmışdır (“Azərbaycan məktəbi” jurnalında dərc edilmiş bu məqalədə pedaqoji mətbuatımızda ilk dəfə olaraq distant təhsil termini istifadə edilmişdir). Sonralar təhsilin informatlaşdırılması mövzusunda müəllifin onlarca innovativ məzmunlu məqalələr yazmış, layihələr icra etmişdir. Bu gün bütün pedaqoji ali və orta ixtisas məktəblərində tədris edilən “Təhsildə İKT” fənni İlham müəllimin təklifi ilə, 2007-ci ildə təhsil nazirliyi tərəfindən tədris planlarına daxil edilmişdir. Bu fənn üzrə ilk tədris proqramının tərtibi də TN tərəfindən ona həvalə edilmişdi. O, az vaxtda bu fənn üzrə bu proqramı hazırlayıb TN-ə təqdim etmişdir.

 

Distant təhsilə dair ölkəmizdə ilk və yeganə Beynəlxalq konfrans 2001-ci ildə ADİU-nin təşkilatçılığı ilə keçirilmişdir. İlham müəllim bu tədbirdə distant təhsilə dair məruzə etmiş, bu mövzuda ilk məqaləsini dərc etdirmişdir. Bundan sonra onun əsas tədqiqat obyekti məhz distant təhsil problemləri olmuşdur. Çünki, distant təhsil pedaqogikanın proqramlaşdırılmış təlim ideyalarının İKT vasitələri ilə yeni müstəvidə reallaşması idi. İlham müəllimin tədqiqarları, namizədlik dissertasiyası da proqramaşdırılmış təlimə aid olduğu üçün bu məsələlər ona çox yaxın idi.

 

İlham müəllim 2005-ci ildə “AR distant təhsilin yaradılması və inkişafı strategiyası” adlı sənədi hazırlayıb Təhsil Nazirliyinə təqdim etmiş, son 20 ildə bu mövzuda onlarla məqalə yazmış, TV-lərə çoxsaylı müsahibələr vermişdir. Təəssüf ki, təhsil məmurları uzun müddət onun bu sahədəki innovasion çağırışlarına diqqətsiz qalmış, bu təkliflərə vaxtında reaksiya verilməmişdir. Bu gün distant təhsillə əlaqəli ölkədə yaranmış gərgin vəziyyət onun haqlı olduğunu bir daha təsdiq etdi.

 

İlham müəllimin bir təhsil eksperti kimi pandemiya dövründə distant və rəqəmsal təhsilə, ali məktəb problemlərinə həsr edilmiş 30-a yaxın analitik məqaləsi təhsil yönümlü müxtəlif saytlarda dərc etdirmiş, TV-lərə çoxsaylı müsahibələr vermişdir. Təhsildəki reallığı əks etdirən bu məqalələr daha çox tənqidi məzmunda olsa da, təhsilimizin inkişafı üçün burada xeyli maraqlı ideyalar, təkliflər yer almışdır.

 

İlham müəllimin son vaxtlar “Virtual Turan Universiteti” ideyası ilə bağlı məqalə və çıxışları ölkəmizdə və T.C.-də böyük maraq doğurmuş, Türk İnternet TV kanalı ondan bu mövzuda geniş müsahibə almışdır. Onun “Azərbaycan və T.C. universitetlərinin İKT bazasında sıx əməkdaşlığı, şəbəkə əlaqələrinin yaradılması

 

universitetlərimizin sürətli inkişafına təkan ola bilər” ideyasına bu yaxınlarda Bakıda səfərdə olan T.C. milli təhsil naziri Ziya Selcuqun ölkəmizə səfəri zamanı da diqqət yetirilmişdir.

 

İlham müəllimin bir çox məqalələrini maraqla oxumuş, TV müsahibələrini diqqətlə dinləmişəm. Hər dəfə özü ilə bu yazıları və müsahibələri müzakirə etmişik. Hesab edirəm ki, bu məqalə və müsahibələrdə milli təhsil sistemimizin inkişafı üçün dəyərli ideyalar, innovasion təkliflər yer alıb. Bu məqalə və müsahibələrin əksəriyyəti İnternetdə yerləşdirilib.

 

İlham müəllimin bu ay 65 yaşı tamam olur, onu bu münasibətlə təbrik edir, gələcək elmi fəaliyyətində müvəffəqiyyətlər, innovativ təhsil ideyalarının ölkəmizə transfer edilməsində uğurlar, can sağlığı və uzun ömür arzu edirik.

 

Əbülhəsən Abbasov,

Professor, fəlsəfə üzrə elmlər doktoru

Xəbər lenti