Logo

Milli Qurtuluş Günü münasibətilə ADPU rektorunun təbriki

15.06.2021 15:40 375 baxış
IMG

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun

 

                                     TƏBRİKİ

 

Hörmətli professor-müəllim heyəti və universitetimizin əməkdaşları!
Əziz tələbələr!


Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Fərəhli haldır ki, bu il biz müstəqillik dövründə ilk dəfə olaraq bütün əlamətdar günləri torpaqlarımızın qəsbkar Ermənistanın işğalından azad edilərək, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının sevincini yaşamaqla birgə böyük qürur hissi ilə qeyd edirik.
1991-ci ildə xalqımız Sovet İttifaqının süqutu ilə XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyinin bərpasına nail oldu. Lakin istiqlalın ilk illərində kövrək addımlarını atan Azərbaycan Respublikası dərin iqtisadi və ictimai-siyasi böhran, təcavüzkar Ermənistanın ölkəmizə qarşı apardığı elan olunmamış müharibə ilə kəskinləşən hərbi vəziyyətlə üz-üzə qaldı. Torpaqlarımızın işğal olunması fonunda cərəyan edən sosial-iqtisadi fəlakət və siyasi hərc-mərclik Azərbaycanı vətəndaş müharibəsi girdabına, ölkənin parçalanmasına doğru sürükləyirdi. Belə ağır durumdan çıxmaq üçün cəmiyyətimizdə bütün nəzərlər Naxçıvanda çətin şəraitdə fəaliyyət göstərən böyük dövlət idarəçiliyi təcrübəsinə malik, görkəmli siyasi xadim Heydər Əliyevə yönəlmişdi. Müdrik Azərbaycan xalqının təkidli çağırışı, eləcə də ozamankı səriştəsiz hakimiyyətin israrlı xahişi ilə dahi şəxsiyyət Bakıya gələrək 1993-cü il iyunun 15-də Ali Sovetin ( indiki Milli Məclisin) sədri seçildi.     Beləliklə, xilaskarlıq missiyasını yerinə yetirərək ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev həmin gün Ali Sovetdəki tarixi çıxışında demişdir: “Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram ... və Ali Sovetin sədri kimi, Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”.


Bu tarixi hadisə ölkəmizin həyatında xaos və anarxiyadan, milli dövlətçiliyin itirilməsi təhlükəsindən qurtuluşa, müstəqil dövlətimizin dirçəliş və tərəqqi mərhələsinin başlanğıcına çevrildi. Bununla da 15 iyun Azərbaycanın müasir tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

 

Bundan sonra respublikamızda  ictimai-siyasi sabitlik bərqərar edildi, baş qaldıran bəzi separatizm meyilləri dəf olundu, Ermənistanla cəbhədə atəşkəs elan edildi, nizami ordu quruculuğuna başlanıldı, neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi” imzalandı, dövlət çevrilişinə cəhdlərin qarşısı qətiyyətlə alındı, ölkəmizin beynəlxalq mövqelərinin gücləndirilməsi məqsədilə təsirli tədbirlər görüldü. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin sarsılmaz iradəsi, dəmir məntiqi, dərin bilik və zəkası, müdrik siyasi uzaqgörənliyi və titanik fəaliyyəti sayəsində Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi sahəsində güclü təməl yaradıldı.


Məhz  bu təmələ sökənərək Ulu öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin apardığı geniş islahatlar nəticəsində Azərbaycan Respublikası sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycan artıq qalib ölkədir. Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarını işğaldan azad edib və Qarabağda əsaslı  yenidənqurma və sürətli tikinti-quruculuq işlərinə başlayıb.


Əziz həmkarlar və tələbələr!
Sizin hər birinizi bir daha müasir dövlətçilik tariximizdə olduqca önəmli yer tutan bu bayram münasibəti ilə ürəkdən təbrik edirəm! Ölkənin işıqlı gələcəyi üçün zəruri olan müəllim kadrlarının və digər ixtisaslı mütəxəssislərin yetişdirildiyi 100 yaşlı elm və təhsil ocağının zəhmətkeş kollektivinə bu yolda yeni uğurlar arzulayır, Vətənin sabahı naminə durmadan çalışan tələbə-gənclərimizə hazırkı imtahan sessiyasında və qarşıdakı fəaliyyətlərində böyük nailiyyətlər diləyirəm.

Xəbər lenti