Logo

“Ramiz Əzizbəyli zarafatları ilə hamını ələ alırdı” - Əməkdar artist

16.06.2021 09:24 86 baxış
IMG

“Ramiz dünyagörüşlü adam idi. O, hansısa bir məclisdə olurdusa, zarafatları ilə hamını ələ alırdı”.

 

Tehsil.biz xəbər verir ki, bunu Azvision.az -a Əməkdar artist Gülşad Baxşıyeva mərhum Xalq artisti Ramiz Əzizbəyli ilə bağlı xatirələrini danışarkən deyib.
 

Aktrisa mərhum sənətkarla uzun illər dostluq etdiyini söyləyib:


“Ramiz mənim keçmiş həyat yoldaşımın uşaqlıq dostu olub. Universiteti bitirdikdən sonra hərəmiz biz tərəfə yönəldik. Ramiz kino sahəsini, biz isə teatrı seçdik. O, “Bəxt üzüyü” filmini hazırlayarkən məni çəkilişlərə dəvət etdi. Mən isə kadrı çəkənə qədər gedən prosesi bəyənmədiyim üçün razılaşmağa tərəddüd etdim. Ramiz müəllim dedi ki, mən səni çəkmək istəyirəm, başqa adamı filmdə görmürəm. Buna görə də çəkilməyə razılaşdım. O, aktyor olduğuna görə, bizi yaxşı başa düşürdü və çəkiliş meydançasında, istirahət məkanlarında qayğımıza qalırdı. Həmişə çalışırdı ki, aktyora yaxşı olsun. Aktrisa ayaq üstə idisə, deyirdi, ona stul verin, o ayaq üstə dayana bilməz. Hər cəhətdən aktyorun qayğısına qalan rejissor idi.
 

Onun bir sıra filmlərdə rollarını görmüşəm. 90-cı illərdə bizə doldurmaq üçün blank verdilər. Blankda ən çox sevdiyimiz aktyoru soruşdular. Mən orada Ramizin adını vermişdim. Onun oyun tərzi, təbiliyi, səmimiliyi, düşdüyü vəziyyəti göstərə bilmək məni qane edib. Öz işinin öhdəsindən məharətlə gəlməyi bacarırdı.

 

Teatrda tamaşaları da olub. Mən onun oyununa maraqla baxırdım. İkinci filmi olan “Yalan”a məni dəvət edəndə məmnuniyyətlə razılaşdım. Aktyora münasibəti, aktyorla işləməyi adamı heyran edirdi.
 

Onu uzun müddət bir sıra xəstəliklər narahat edirdi. Əməliyyatlar keçirdi və gəlib bu vəziyyətə çıxdı. Bundan sonra Ramiz kimi aktyor və ya rejissoru tapacağımızı düşünmürəm”.




 

G.Baxşıyevanın sözlərinə görə, Ramiz Əzizbəyli yumoru çox sevirmiş:



“Çox ünsiyyətcil adam idi. O, uzun illər İncəsənət Universitetində dərs deyib. Tələbələr onu çox sevirdi, onda özünü çəkmək kimi hallar olmurdu. Düşdüyü bütün məclisləri ələ ala bilirdi. Çox zəngin, savadlı adam idi. Onunla bir yerdə əyləşəndə hər şeydən söhbət edə bilirdi. Ramizin şairliyi də vardı. Elə şeirlər yazırdı ki, oxuyanda heyran qalmaya bilməzdin. Yaradıcı insan kimi mükəmməl idi. Onun olduğu məclisdə təşəbbüsü heç kimə vermirdi, məclisi özü idarə edirdi. Çox gözəl söhbətləri var idi, saatlarla qulaq asa bilərdin. Optimist adam idi. Pis olanda deyirdi, hər şey yaxşıdır. Xəstə olanda onu görə bilmədim. Dedim belə görməyə dözə bilmirəm. Adamın xəstə, əzablı üzünə baxa bilmərəm”.
 

Qeyd edək ki, iyunun 9-da Azərbaycanın Xalq artisti Ramiz Əzizbəyli vəfat edib.

 

Tanınmış kinorejissor bir müddət öncə koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, daha sonra infarkt keçirmişdi. Xalq artisti Zığ qəsəbəsində yerləşən modul tipli hospitalın reanimasiya şöbəsində müalicə olunurdu.
 

Şahanə Rəhimli

Xəbər lenti