Logo

Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb

16.06.2021 10:56 124 baxış
IMG

Böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 1993-cü ilin 15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoydu. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanda bir-birini əvəz edən səriştəsiz rəhbərlərin şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları ölkədə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə, real vətəndaş qarşıdurmasına səbəb olmuşdu.  1993-sü ilin əvvəllərindən ölkədə qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması ilə nəticələnə bilərdi. Ölkədə səriştəsiz idarəetmə nəticəsində bütün sahələri böhran bürümüşdü. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən azad etdi, öz nicatını görkəmli siyasətçinin hakimiyyətə qayıdışında tapdı. Ulu öndərin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasını yerinə yetirməsi parcalanmaq, dağılmaq təhlükəsi ilə qarşı-qarşıya duran Azərbaycanı xalqa qaytardı. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi yazıldı.

 

Ümummilli liderin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başladı. Həmin qarışıq dövrdə dahi şəxsiyyət Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənlik və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı.

 

Ulu öndərin gərgin əməyi nəticəsində hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı.

 

Bu gün Ulu öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən ötən dövrdə Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib, ölkəmizin dünya dövlətləri arasında nüfuzu artıb. Azərbaycanın qütblər arasında tranzit ölkəyə çevrilməsi bu qədim diyarda siyasi düşüncələrin, elmi fikirlərin, mədəniyyətlərin, dini baxışların dialoqunun baş tutmasını şərtləndirib. 

 

Azərbaycanın sürətli inkişaf dövrü məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə gəlişi ilə başlayıb və bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Cənab  Prezident İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrilməsi və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə özünü ifadə edir. İllərdir torpaqlarının 20 faizi düşmən tapdağı altında qalan Azərbaycan “Qarabağ Azərbaycandır!” reallığını cəmi 44 gün ərzində tarixə şərəflə həkk etdirdi. Müzəffər Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatları keçirərək işğal olunmuş ərazilərimizdən yağı düşməni qovdu, işğalçı Ermənistan hakimiyyətinə layiq olduğu yeri göstərdi. Bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda, Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Bu qələbə son əsrlərin ən böyük qalibiyyəti, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanla kommunikasiyaların bərpası, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğalçı Ermənistan hakimiyyətinin təslimçilik aktını imzalaması Azərbaycan xalqının zəfər dastanını yazdı. Zəfərimizin bir parçası olan Şuşanın azad edilməsi müzəffər Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünya hərb salnaməsində xüsusi yer tutmasına haqq qazandırdı. Xan qızı Natavanın, dahi Üzeyirin, bənzəri olmayan, əsrarəngiz səsli Xan Şuşinskinin vətəni olan Şuşanın azad olunması böyük qələbəyə gedən yol oldu.

 

Əlbəttə ki, qazanılan hər bir uğurumuzun, o cümlədən möhtəşəm Qarabağ Zəfərimizin kökündə, əsasında Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt dayanır. Şübhəsiz ki, Heydər Əliyev yolu bundan sonra da müstəqil ölkəmizi yeni-yeni zəfərlərə daşıyacaq!!!

Xəbər lenti