Azərbaycan Respublikasının Təhsil İnstitutu Bakı Mühəndislik Universiteti və “2019-2023 Dövlət Proqramı”nın birgə təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə vebinarlara start verir.
Tehsil.biz xəbər verir ki, ilk vebinar 21 iyun 2021-ci il, saat 16:00-da “Elektrik mühəndisliyinin gələcək perspektivləri” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Fuad Soltanov çıxış edəcək. O, bakalavr təhsilini Türkiyənin Dokuz Eylül Universitetinin Elektrik və elektronika mühəndisliyi fakültəsində, magistr dərəcəsini isə İngiltərənin Bath Universitetində alıb. Neft-qaz sənayesində dəniz qurğuları və quru qurğularındakı elektrik sistemləri və avadanlıqları üzrə mühəndis elektrik kimi 11 il, əməliyyat risklərinin auditoru vəzifəsində isə 4 il təcrübəsi var.
Vebinarın keçirilməsində əsas məqsəd elektrik mühəndisliyi ixtisasının gələcək perspektivlərinin müzakirəsi, Azərbaycanda sözügedən ixtisasın inkişafı, habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində “Elektrik mühəndisliyi” ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir. Vebinar ikili diplom proqramı çərçivəsində elektrik mühəndisliyi ixtisasının təşviqatı üçün nəzərdə tutulub.
Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 19 iyun 2021-ci il tarixinədək səhifəmizin Bio bölməsindəki linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur.