Logo

Professor Şahlar Əsgərov - 80

16.06.2021 14:51 456 baxış
IMG

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Bakı Dövlət Universitetinin professoru, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şahlar Əsgərovun 80 yaşı tamam olur.

 

Şahlar Qaçay oğlu Əsgərov  15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1958-1963-cü illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almış, bilik və bacarıqları nəzərə alınaraq təyinatla Universitetdə saxlanılmışdır. 1964-1967-ci illərdə Universitetin əyani aspirantı kimi Leninqrad Sabit Cərəyan İnstitutunda görkəmli alim prof. L.A.Senanın rəhbərliyi ilə fiziki elektronika sahəsində tədqiqatlar aparmışdır. Alimin bu istiqamətdə aldığı elmi nəticələr uzun illərdir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş şəkildə tətbiq olunur. Xüsusilə, ABŞ-ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitutu) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında alimin tədiqatlarından istifadə edirlər.

 

Ş.Əsgərov metal-yarımkeçirici kontaktları üçün qeyri-bircins model təklif etmiş və bu istiqamətdə onun aldığı nəticələr çoxsaylı elmi məqalələrdə və ixtiralarda əks olunmuş, monoqrafik ədəbiyyatda, xülasə məqalələrdə yer almışdır.

 

BDU-da elmi kadr hazırlığında fəal şəkildə iştirak edən alimin rəhbərliyi ilə indiyə qədər 20-dən çox dissertasiya işi müdafiə edilmişdir. Şahlar Əsgərov müxtəlif illərdə BDU-da müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışmışdır. Hazırda BDU-nun professorudur.

 

Professor Şahlar Əsgərov son 20 ildə həm də milli-mənəvi dəyərlər, dövlət və dövlətçilik, yeni düşüncə tərzi, təhsilin fəlsəfəsi kimi mühüm problemlərlə məşğul olur. Alimin bu problemlərlə bağlı yazdığı kitab və məqalələr ölkəmizdə və xaricdə çap edilmiş, elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

 

Şahlar Əsgərov ölkəmizin ictimai həyatında da fəal şəkildə iştirak edir. O, hər zaman Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiqliyi ilə seçilmişdir. Şahlar Əsgərov Ulu Öndər Heydər Əliyevi Azərbaycanı bəlalardan xilas etmək üçün Bakıya dəvət edən məşhur 91-lərdən və Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. O, uzun müddət YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvü olmuşdur. Partiyanın 2021-ci ildə keçirilən qurultayında Şahlar Əsgərov YAP Veteranlar Şurasının üzvü seçilmişdir. Şahlar Əsgərov 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2000-2005-ci illərdə isə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri olmuşdur.

 

Professor Şahlar Əsgərovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, alim Əməkdar elm xadimi adına, “Şöhrət” ordeninə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüşdür.

 

Görkəmli alim, ictimai xadim professor Şahlar Əsgərovu 80 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetinin çoxminli kollektivi adından təbrik edir, ona uzun ömür, yaradıcılıq uğurları arzulayırıq.

Xəbər lenti