Logo

BDU-da ADPU-nun 100 illik yubileyi qeyd edilib

16.06.2021 17:39 964 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

 

Dəyirmi masada BDU-nun rektoru Elçin Babayev çıxış edərək ADPU-nun zəngin tarixi keçmişə malik, Azərbaycanda pedaqoji kadrların hazırlanmasında və inkişafında böyük rol oynamış elm və təhsil müəssisəsi olduğunu bildirib. Rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyev bu müqəddəs elm və ali təhsil ocağının fəaliyyətini yüksək dəyərləndirdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən universitetə yüksək qiymət verildiyini qeyd edib. Bildirib ki, ADPU ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Yarandığı vaxtdan etibarən Universitet üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir. Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında Universitetin çox sayda məzunları vardır. İxtisaslaşmış ali təhsil müəssisəsi kimi ADPU müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. Bu xidmətlərinə görə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 17 aprel tarixli Sərəncamı əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur.

 

Rektor Elçin Babayev çıxışında BDU ilə ADPU arasında elm və təhsil sahəsində uzun illərdən bəri formalaşmış sıx əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb.

 

ADPU-nun rektoru Cəfər Cəfərov çıxışnda ADPU-nun 100 illik yubileyi münasibətilə BDU-da belə tədbirin təşkil olunmasına görə təşkilatçılara təşəkkür edib, ADPU-nun zəngin tarixindən,  Azərbaycanda elm və təhsilin inkişafında rolundan, yüksəkixtisaslı müəllim kadrlarının hazırlanmasından və ADPU-nun məşhur məzunlarından bəhs edib. Rektor Cəfər Cəfərov hazırda Universitetdə görülən işlər, mübadilə proqramları, yeniliklər, strateji inkişaf planı, ali məktəbin tədris, təlim-tərbiyə, elmi tədqiqat, beynəlxalq əlaqələri istiqamətindəki fəaliyyəti, aparılan islahatlar və ali təhsil müəssisəsinin inkişaf mərhələlərindən danışıb. Universitetin respublikamızın ali təhsil ocaqları ilə yanaşı xarici ölkələr üçün elmi-pedaqoji mütəxəssis hazırlığı sahəsində mühüm rolu, elmi-tədqiqat layihələri və elmi-tədqiqat laboratoriyaları barədə məlumat verib. BDU ilə ADPU arasında sıx əməkdaşlıq əlaqələrin olduğunu, bu əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində  birgə əməkdaşlığın davam etdirəcəyini vurğulayıb.

 

Daha sonra BDU-nun Sosiologiya kafedrasının professoru İzzət Rüstəmov, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı Fərrux Rüstəmov, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov çıxış ediblər. Çıxış edənlər ADPU-nun yaranma tarixi, fəaliyyəti və inkişafı haqqında, son illər ADPU-da təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin idarə edilməsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrində böyük uğurlar qazandığını vurğulayıblar.

Xəbər lenti